Batumidə ağır gecə. Bu, niyə baş verdi?
Avtomobillər yandırılıb, mağazalar dağıdılıb, vitrinlər və yaşayış evlərinin şüşələri sındırılıb, onlarla adam xəstəxanaya düşüb, işıqforlar, hasarlar qırılıb, küçə örtükləri sökülüb – Batumidə martın 12-nə keçən gecə dəhşətli idi.
Ancaq səhər 6-ya yaxın hüquq-mühafizə orqanlarının işçiləri Batumidə martın 11-də 23:00 ərəfəsində başlayan vandal etiraz aksiyasını sakitləşdirə bilib.
Səhər açılanda polis işçiləri mərhələli şəkildə bir neçə saat ərzində nümayişçilərin nəzarəti altında olan ərazini tutmağa bağlayıblar.
Batumi keçələrində nəzarət altından çıxan vəziyyət 8 saatdan çox vaxt ərzində davam edib.
Hakimiyyətin bildirdiyinə görə, iğtişaşlar zamanı onlarla adam yaralanıb.
Nümayiş dağıdılan vaxt 40 nəfər saxlanılıb.
Hadisələrin episentri Batumi polis idarəsinin binası və ona bitişik küçələrdir.
Hazırda bələdiyyə xidmətinin işçiləri orada səliqə-sahman yaradır, küçələri yığışdırır.
“Törədilən vandalizm aktını təşkil edən və onunla əlaqəsi olan bütün şəxslər öz layiqli cəzalarını alacaqlar”, – daxili işlər naziri Giorgi Mqebrişvili bildirib.
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili özünün fövqəladə bəyanatında iğtişaşlara görə məsuliyyəti “adi hadisəni” qarşıdurmanın təşkili üçün istifadə edən “destruktiv siyasi qüvvələrin” üzərinə atıb. Kvirikaşvili bildirib ki, Gürcüstan dövlətçiliyinə və vətəndaşlarının hüquqlarına təhdid yaradan hər kəs “sərt cavabını alacaq”.
Acariyanın səhiyyə naziri Zaal Mikeladze bildirib ki, 33 nəfər xəstəxanaya çatdırılıb. Onlardan 15 nəfəri polis işçisidir. Ağır yaralananlar yoxdur.
Travmaların səbəbləri əsasən, daş və gözyaşardıcı qaz olub. Mitinq iştirakçıları gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edən polisləri daşlayıb.
Qarşıdurmanın səbəbi
Batumidə aksiyanın keçirilməsi barədə ilk məlumat axşam saat 18:00-da yayılıb.
İğtişaşlara səbəb patrul polisi ilə Batumi sakini arasında yaşanan insident olub – hüquq-mühafizə orqanı işçisi onu maşını bunun üçün nəzərdə tutulmayan yerdə parkinq elədiyi üçün cərimələyib.
Cərimələnən Cimmi Varşanidzenin sözlərinə görə, o, qəbiristanlıqdan, qardaşının qəbrini ziyarət etməkdən qayıdırdı, maşında əyləşən atası özünü pis hiss edirdi, təcili dərman almaq lazımıydı, buna görə də o, aptekin yanında maşın saxlamağa məcbur olub.
Bununla belə polis patrulu həmin faktı nəzərə almadan, cərimə yazıb.
Varşanidze polis işçisini təhqir edib, bu da əlbəyaxaya çevrilib və polis güc tətbiq edib. Davaya yoldan keçən adamlar da qoşulub və ata ilə oğulun tərəfini saxlayıblar.
Polis hadisə yerində 6 nəfəri, o cümlədən də Cimmi Varşanidzeni saxlayıb.
Hadisə yerində tezliklə adamlar yığışıb. Onlar həbs olunanların azadlığa buraxılmasını tələb ediblər. Eyni zamanda da Acariya polisinin yəni təyin olunan rəhbərinin istefasını tələb ediblər.
Onların sözlərinə görə, son zamanlar polis əsassız şəkildə və xüsusi qəddarlıqla və çox güman ki, yeni rəhbərin göstərişi ilə insanları cərimələyir.
Saxlananlar elə həmin gecə buraxılıb, amma bu, gərginliyi azaltmayıb – Batumi küçələrinə çox sayda insanlar çıxıb.
İğtişaşlar bir neçə saat davam edib – aksiya iştirakçıları daş atıb, hasarları sökərək, dəmir “dəyənəklər”dən istifadə ediblər. Onlar polis maşınlarını çevirərək, yandırıblar.
Elə həmin gecə ilkin məlumata görə, daha 5 maşın və bir neçə ağac yandırılıb.
Aksiya iştirakçıları işıqforu sıradan çıxarıb, küçə və səkilərin örtüklərini söküb, polisləri daş-qalaq ediblər.
Daxili işlər naziri, prezident və Milli Təhlükəsizlik Şurasının başçısı hazırda Batumidədirlər.