Başı Rusiyada, bədəni Azərbaycanda – əfsanəvi sərkərdə harada basdırılacaq?
Paylaşmaq
Paylaşmaq
Rusiya Duması [parlament – red.] şimali qafqazlı sərkərdə Hacı Muradın Sankt Peterburqda saxlanan kəllə sümüyünü vətəni Dağıstanda [Rusiya Federasiyasıtərkibində muxtar respublika] dəfn etməyə icazə verib. Onun bədəni isə Azərbaycanda basdırılıb. Mərhumun cənazəsinin nəhayət bir yerdə dəfn olunması nə zaman və necə mümkün olacaq, hələlik bəlli deyil: dəfn mərasimi “respublikadakı daxili siyasi vəziyyəti nəzərə alaraq daha sonra” baş tutacaq. Rəsmi Bakı lazım olarsa, kömək etməyə razılaşıb.
Hacı Murad Avarski (təxminən 1818-1852) qafqazlıların Rusiya imperiyasına qarşı mübarizəsində iştirak edən şimali qafqazlı sərkərdə və milli qəhrəmandır. Lev Tolstoyun eyni adlı əsərinin personajıdır. Onun başı Peterburqun Antropologiya və Etnoqrafiya muzeyində kunstkamerada saxlanılır. 1852-ci ildə onu Rusiyaya hərbi qənimət kimi gətiriblər. Sərkərdə Azərbaycanın şimalında, Qax rayonunda öldürülüb.
Hacı Muradın nəşinin yenidən dəfn olunması ilə bağlı bu məsələyə fərqli yanaşan bir neçə tərəf arasında əvvəlcədən mübarizə gedirdi.
“Lev Tolstoyun irsi və Dağıstan” ictimai komitəsi tələb edirdi ki, Hacı Muradın başı və bədəni Dağıstanda, onun doğma kəndi Xunzada dəfn olunsun.
Hacı Muradın xələfləri isə onun başının Azərbaycana gətirilərək bədəninin dəfn olunduğu məzara qoyulmasını istəyirdilər.