“Baş nazir istefaya getməlidir” – Tbilisidə minlərlə insan etiraz edir. Fotoreportaj
Tbilisidə baş nazirin istefasını tələb edirlər
İyulun 11-də Tbilisidə parlament binası qarşısında minlərlə insanın iştirakı ilə mitinq başlayıb. Əsas tələb Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin istefasıdır.
Aksiya iyulun 5-də Tbilisidə mitinqi işıqlandırarkən homofob qruplar tərəfindən amansızca döyülən “Pirveli” telekanalının operatoru Lekso Laşkaravanın ölüm xəbəri yayılandan sonra ictimai fəallar və jurnalistlər tərəfindən Facebook-da spontan təşkil olunub.
Parlament qarşısında minlərlə tbilisili toplaşıb, onların arasında yüzlərlə jurnalist var. Aksiyada bütün müxalifət partiyaları və hüquq müdafiəçiləri də iştirak edir. Aksiyanı canlı yayımlamayan yeganə telekanal hökumətyönlü “İmedi” telekanalıdır.
Rustaveli prospektinə toplaşanlar hesab edirlər ki, iyulun 5-də zorakılıq hakimiyyət tərəfindən təhrik edilib və hakimiyyət radikal homofob və ultra-sağ qruplara qətiyyən müqavimət göstərə bilməyib. Polis səfərbəredilməsi üçün tədbirlər görülməyib, nəticədə yüzlərlə radikal şəhərin mərkəzində fəalları və jurnalistləri döyüb, 55 nəfər xəstəxanalıq olub.
Rustaveli prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb – mitinqçilər yolu bağlayıb.
Çıxış edənlər əsasən jurnalistlərdir.
“Jurnalistlər həmişə bu meydana gəlib ki, mitinqlər haqda danışsın. Amma Gürcüstan hökuməti addım-addım bizi o həddə çatdırdı ki, bu gün biz burada etiraz aksiyası keçiririk. Və biz bunun sonuna qədər gedəcəyik. Qoy heç kim düşünməsin ki, bu, sadəcə bir günlük etirazdır”, – “Pirveli” telekanalının aparıcısı Diana Trapaidze deyib.
“Bizim mübarizəmiz hakimiyyətin qətlə görə məsuliyyətə cəlb olunmasına qədər davam etdirəcəyik. Bidzina İvanişvilinin [Gürcüstanı kölgədən idarə etdiyi hesab olunan oliqarx] səhərə qədər düşünmək vaxtı var.
Bu gündən Qaribaşvili artıq bizim baş nazirimiz deyil. Tələyə salınıb döyülən zəhmətkeş cavan oğlan öldürülüb. Sizin artıq heç bir hüququnuz yoxdur. Bu hökumət getməlidir”.
Jurnalistlər necə döyülüb; baş nazirin günahı nədir; vəfat etmiş teleoperatorun meyitini ailəsinin razılığı olmadan necə aparıblar?
İyulun 5-də Tbilisidə Pride Həftəsi çərçivəsində ləyaqət marşı keçirilməli idi. Rustaveli prospektində yürüş saat 18:00-a planlaşdırılmışdı.
Gürcüstan Patriarxlığı marşa qarşı çıxmışdı və tərəfdarlarını küçələrə çıxmağa, ölkəni “əxlaqsız həyat tərzindən” qorumağa çağırmışdı.
Kilsə birbaşa radikalları zorakılığa çağırmışdı. Arximandrit Spiridon izdihama bu sözlərlə müraciət edib: “Zorakılıq lazım deyil? Məhz zorakılıq lazımdı, Vətəni xilas etmək üçün!”
İyuıun 5-də səhər homofob qruplar parlament binası qarşısından yürüşlə keçib. Əvvəlcə onlar 2020-ci ilin oktyabrından siyasi etiraz əlaməti olaraq parlament qarşısında qalan müxalifətin çadırlarını dağıdıblar. Daha sonra onlar hadisələri işıqlandırmağa gələn jurnalistlərə qarşı əsl ov təşkil ediblər.
53 jurnalist amansızca döyülüb və xəstəxanalıq olub.
Müşahidəçilərin fikrincə, radikalların əməllərini iyulun 5-də baş nazir Qaribaşvilinin bəyanatı təhrik edib.
Gürcüstanın baş naziri dinc mitinq iştirakçılarına hücum edən radikalları və homofobları yox, “Ləyaqət marşının” təşkilatçılarını eskalasiyada günahlandırıb və onları prospektdə yürüş keçirməməyə çağırıb.
Qaribaşvili bildirib ki, planlaşdırılmış “Ləyaqət marşı” “yersiz və cəmiyyət üçün təhlükəlidir, çünki stabilliyi pozur”. O, həmçinin deyib ki, ləyaqət marşının arxasında müxalifət dayanır.
“Ləyaqət marşı” təxirə salınıb, amma Rustaveli prospektində iğtişaşlar daha bir neçə saat davam edib.
Jurnalistlərin sözlərinə görə, gün ərzində hadisə yerində hədsiz az polis olub. Vəziyyətin hədsiz gərginləşməsinə və döyülmələrə baxmayaraq xüsusi təyinatlılar çağırılmayıb.
Daxili işlər naziri cavab verib ki, “mümkün olan qədər güc strukturları əməkdaşları səfərbər edilib”.
Jurnalistlər radikalların onları necə qovduqları haqda danışırlar. Onların arasında “Pirveli” telekanalının operatoru Lekso Laşkarava və Miranda Baqaturiya da olub. “Biabırçılıq” qeyri-hökumət təşkilatının ofisindən reportaj hazırladıqları zaman onlara hücum ediblər.
Miranda Baqaturiya aralarında din xadimlərinin də olduğu 20 nəfərə yaxın insanın Laşkaravanı necə təpiklədikləri haqda danışıb.
Laşkarava sifət sümüyünün sınığı ilə xəstəxanaya çatdırılıb və onu təcili əməliyyat ediblər. ölümündən bir gün əvvəl, iyuıun 10-da “Pirveli” telekanalı onun müsahibəsini nümayiş etdirib, o, 5 iyul hadisələri haqda danışıb. Səhəri gün isə anası onu yatağında ölü tapıb.
Ailə üzvləri deyirlər ki, Laşkaravanın burnundan qan gəlirmiş. Qohumlarının versiyalarından birinə görə, aldığı xəsarətlər nəticəsində o, trombpemboliyadan vəfat edib.
Daha sonra məhkəmə ekspertləri gəncin meyitini ailəsinin razılığı olmadan evdən aparıblar. Onu sadəcə göy sellofana büküb, xərəksiz çıxarıblar, maşına qoyub ekspertizaya aparıblar.
Mərhumla bu cür davranmaları ictimai qəzəbin, mitinqdə və sosial şəbəkələrdə qızğın müzakirələrin səbəblərindən biri olub.
DİN hadisə ilə bağlı intihar həddinə çatdırma maddəsilə cinayət işi qaldırıb – bu da cəmiyyətdə böyük qəzəb və çaşqınlıq yaradıb.