"Bank kartımdakı pul yoxa çıxdı": Ermənistanda telefon dələduzluğu halları
Ermənistanda telefon dələduzluğu halları
Ermənistanda sosial şəbəkə istifadəçiləri telefon dələduzluğu hallarının artması barədə xəbərdarlıq edirlər. Bir qadına xarici nömrədən zəng edərək 5G internetə qoşulmaq təklifi edilib. O, razılıq verdikdən sonra zəng edənlər onun telefonda müəyyən addımları yerinə yetirməsini istəyiblər və sonda telefonu yenidən söndürüb-yandırmağı tapşırıblar. Qadın bütün göstərişlərə əməl etdikdən sonra bank kartındakı pulların yoxa çıxdığını və onun adına iki kreditin rəsmiləşdirildiyini aşkarlayıb.
“+421, +370 ilə başlayan nömrələrə cavab verməyin. 5G qoşulmaq təklifinə razı olmayın. Sadəcə zəngi sonlandırın”, – deyə o, sosial şəbəkədə yazıb.
İnformasiya təhlükəsizliyi üzrə ekspert Artur Papyan yerli telekanallardan birinə müsahibəsində bildirib ki, dələduzlar çox güman ki, konfiqurasiya faylı göndəriblər. Qadın faylı təsdiqləməklə telefonuna giriş icazəsi verib.
Papyan vurğulayıb ki, belə hallarda çox diqqətli olmaq lazımdır. Xüsusən də telefonda hansısa xidmət təklif ediləndə və ya bankla bağlı problem bildirərək, dərhal hərəkət etməyə çağırış ediləndə ehtiyatlı davranmaq vacibdir.
“Adətən belə deyirlər: “Biz sizə bankın (və ya mobil operatorun) təhlükəsizlik xidmətindən zəng edirik. Dediklərimizi indi yerinə yetirməlisiniz.” Sizi tələsdirirlər ki, düşünməyə vaxtınız qalmasın və qəribə hərəkətlər etməyə vadar edirlər. Məsələn, deyirlər: “Sizə fayl göndərəcəyik, açın.” Yaxud link göndərirlər, ora daxil olmağı təklif edirlər. Sonra isə bank kartı məlumatlarınızı doldurmağınızı istəyirlər”, – ekspert izah edib.
Ermənistanda artan telefon dələduzluğu halları və ekspertin şərhi.
- Ermənistan xüsusi xidmət orqanları dövlət çevrilişinin qarşısını alıb: sübutlar dərc olunub
- «Düşmənin səsini söndürün»: Ermənistanda Rusiya televiziya kanallarının bağlanması tələb olunur
- Ermənistanda korrupsiya qalmaqalı: Gümrünün meri saxlanılıb
Siyasətçilər də dələduzluq cəhdləri barədə məlumat veriblər
Əmək və sosial məsələlər naziri Arsen Torosyan bildirib ki, onun adı və şəkli ilə WhatsApp-da saxta səhifə yaradılıb. Onun sözlərinə görə, həmin səhifədən müxtəlif şəxslərə, o cümlədən dövlət qulluqçularına mesajlar göndərilib. Torosyan xəbərdarlıq edib ki, bu mesajlara cavab vermək lazım deyil.
“Çünki mən saxta səhifə üçün adı və şəkli istifadə edilən yeganə dövlət qulluqçusu deyiləm. Bu vəziyyəti bizə qarşı həyata keçirilən hibrid hücumların kontekstində dəyərləndirmək lazımdır. Buna görə də ayıq-sayıq olmalı və manipulyasiyalara uymamalıyıq”, – deyə nazir qeyd edib.
Daha sonra Qida Təhlükəsizliyi Müfəttişliyinin Rəhbəri Tiqran Petrosyanın adı ilə də WhatsApp-da saxta səhifənin yaradıldığı bildirilib. Həmin səhifədən də saxta mesajlar göndərilib.
Qurum xəbərdarlıq edib ki, dələduzların məqsədi “vəzifəli şəxsə olan etimaddan sui-istifadə etməklə mənimsəmə, bank sirri təşkil edən məlumatların qanunsuz əldə edilməsi, eləcə də dövlət qurumlarının əməkdaşlarını öz səlahiyyətlərindən dövlət maraqlarına zidd şəkildə istifadə etməyə məcbur etməkdir”.
İctimai və siyasi xadim Mikael Naapetyan da sosial şəbəkə hesablarına hücum cəhdləri barədə məlumat verib:
“Hesablarıma giriş əldə edə bilmədilər, çünki iki mərhələli autentifikasiya aktiv idi. Hesab edirəm ki, WhatsApp, Telegram və Facebook hesablarıma eyni vaxtda təsadüfən hücum edilməsi inandırıcı deyil. Bu, açıq şəkildə səhifələrim üzərində nəzarət qurmaq, məlumat əldə etmək və ya davamlı izləmək cəhdi idi”.
“Saxta profilləri yaradan şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür”
Bu açıqlamalardan sonra Milli Təhlükəsizlik Xidməti onlayn tətbiqlərə qarşı hücumlarla bağlı xəbərdarlıq yayıb. Qurumun məlumatında bildirilib ki, xüsusilə WhatsApp-da olmaqla, müxtəlif platformalarda çoxsaylı saxta səhifələr yaradılıb və bunlar istifadəçilərin etimadından uğurla faydalanırlar. MTX-nin açıqlamasında dələduzların mümkün məqsədləri qeyd olunur:
- bank sirri təşkil edən məlumatların əldə edilməsi,
- müxtəlif dövlət qurumlarının əməkdaşlarının dövlət maraqlarına zidd addımlar atmağa cəlb olunması,
- dövlət qulluqçularının vəzifə səlahiyyətlərindən irəli gələn hərəkətləri yerinə yetirməyə və ya hərəkətsiz qalmağa məcbur edilməsi,
- müxtəlif vəzifəli şəxslərin adından məlumat əldə edilməsi.
Qurum bildirib ki, bu kimi bütün hallar daimi nəzarət altındadır və “cinayət törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülür”.
Şərh
İnformasiya təhlükəsizliyi üzrə ekspert Artur Papyan izah edir ki, dələduzlar adətən iki məqsəd güdürlər:
“Əgər söhbət yüksək vəzifəli məmurlardan, ekspertlərdən və ya jurnalistlərdən gedirsə, burada siyasi motivasiya açıq görünür. Amma adi vətəndaşlar və ya sahibkarlarla bağlı hallarda məqsəd şantaj və dələduzluqdur”.
Ekspertin sözlərinə görə, son vaxtlar dələduzlar süni intellekt vasitəsilə tanınmış şəxslərin səslərini emal edib istifadə edirlər. Xaricdən edilən telefon zəngləri zamanı isə onların əsas məqsədləri bunlardır:
“Birincisi, sadəcə nömrənin aktiv olub-olmadığını yoxlayırlar. Həmin nömrə ilə yeni hesab açmağa çalışırlar. Əgər görürlər ki, nömrə “boş”dur, yəni cavab verilmir, onu yeni, istifadəsiz nömrə kimi qeydiyyatdan keçirə bilirlər”.
O, həmçinin istisna etmir ki, dələduzlar söhbət zamanı vaxt udmaqla həmin nömrəyə gələn mesajları ələ keçirməyə cəhd edə bilərlər.
Ekspert xəbərdarlıq edir ki, naməlum xarici nömrədən zəng gəldikdə heç bir halda şifrə, şəxsi məlumat və ya bank kartı məlumatlarını paylaşmaq olmaz. Ən əsası isə, heç bir təlimata əməl edilməməlidir. Belə hallarda sadəcə danışığı dayandırmaq, mənbəni yoxlamaq və bütün mobil tətbiqlərdə iki mərhələli qoruma sistemini aktivləşdirmək tövsiyə olunur.
Ermənistanda telefon dələduzluğu halları