Bakıdan şərh: “Rusiya “cırtdan ölkələr liqası” yaratmaq istəyir”
Rusiya və Ukrayna münasibətlərində gərginlik və bu gərginliyin geniş miqyaslı müharibəyə qədər böyüməsi təhlükəsi artır. Ukrayna ətrafındakı vəziyyətin Azərbaycan üçün nə kimi təhlükəsi var? Azərbaycanlı politoloq Natiq Cəfərli bununla bağlı fikrini paylaşıb.
- “İsgəndər”lər və Kiyevin işğalı. Ukraynada Rusiyanın təcavüz planları haqda nə danışırlar?
- Zelenskinin komandası niyə dağılır və Ukrayna hara gedir?
- Niyə Rusiya sərhədlərin 1920-ci illərin xəritələrinə əsasən müəyyən edilməsində israr edir – Bakıdan şərh
“Amma məncə, müharibə olmayacaq. Sabah Putinlə Bayden arasında danışıqlar baş tutacaq, əsas müzakirə mövzusu Ukrayna olmalıdır, hansısa ciddi nəticələrin əldə edilməsinə ümid azdır, amma ən azından, müharibə təhlükəsinin azaldılması üçün bu danışıqların mühim rolu olmalıdır. İndi gəlin analiz edək ki, tərəflər nə istəyir”, – müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli qeyd edib.
Rusiyanın gözləntiləri
Siyasətçinin fikrincə, Rusiyanın əsas gözləntisi Ukraynanın Qərbə inteqrasiyasının mümkünsüzlüyünə gəlib çıxır:
“Kreml deyir ki, Ukrayna NATO-ya üzv olmamalıdır. Çünki NATO infrastrukturu Rusiya sərhədlərində olsa, bu Moskvanın maraqlarına zidd, hətta “qırmızı cizgilərinin” keçilməsi kimi dəyərləndirilə bilər. Rəsmi Moskva bəyan edir ki, məsələn, Xarkov ətrafında NATO raketləri olsa, bu Moskvaya bir neçə dəyiqəyə çata bilər, çünki məsafə 740 km-dir.
İlk baxışdan bu arqument məntiqli olsa da, aldadıcıdır, çünki, NATO ölkələri olan Baltikyani Respublikaların sərhəddindən Moskvaya məsafə daha yaxındır – Latviya sərhəddindən Moskvaya cəmi 680 km-dir.
yaxud NATO ölkəsi olan Türkiyədən Qara Dəniz üzərindən Krıma məsafə 300 km-dir. Deməli, Rusiyanın, “Ukraynada NATO bazası olsa bizim sərhədlərə təhlükədir” tezisi, yumşaq desəm, doğru deyil”.
ABŞ nə istəyir?
“Rəsmi Vaşinqton Əfqanıstan fiaskosundan sonra Ukrayna məsələsində güzəşt etmək, geri çəkilmək istəmir. Baydenin zatən reytinqində ciddi düşmə var, indi Ukrayna məsələsində də geri addım atsa və ya Rusiya tərəfindən Donbasın ilhaqına göz yumsa, respublikaçılar onu “yeyəcək”. Növbəti Senat və Konqres seçkilərində demokratlar ciddi yer itirəcək.
Bu məsələnin görünən tərəfidir.
Daha dərin məsələ odur ki, Rusiyanın ətrafında geniş bir halqa yaradılır. 3 dəniz konsepsiyası – Baltik, Qara dəniz və Xəzər xətti, ardınca isə Orta Asiya xətti (həm də Türk Dünyası) dairəsi ilə Rusiya dairənin içinə alınır, bu daha uzun müddətli konsepsiyadır”, – Cəfərli vurğulayıb.
“Rəsmi Kiyev çıxılmaz vəziyyətdədir”
“Rəsmi Kiyev çıxılmaz vəziyyətdədir. Krım əldən gedib, qayıtması mümkünsüzdür, Donbası mental olaraq itiriblər, sadəcə bununla barışmaq çətindir, iqtisadi çətinliklər, oliqarxların daxili çəkişməsi – bütün bunlar Ukraynanın qarşısında olan əsas çağırışlardır.
Həlli yolları isə Qərbə inteqrasiyanın sıxlığından keçir, başqa yol yoxdur, çünki, Rusiya özü bütün körpüləri yandırıb, Ukraynaya qarşı düşmənliyini hər addımda göstərir”, – azərbaycanlı politoloq bildirir.
Bütün bunlar Azərbaycan üçün nə ilə nəticələnə bilər?
“Çox güman ki, Donbasın qondarma, Kreml tərəfindən yaradılan “respublikalarını” Rusiya tanıyacaq. Abxaziya və Cənubi Osetiya ssenarisinə gedəcək.
Zatən Donbasda Rusiya pasport paylayır, artıq 500 min insana Rusiya pasportu verilib, gələn ilə bu rəqəm 1 milyon nəfərə çatacaq.
Sonra Rusiya qondarma “cırtdan ölkələrin” Moskvaya bağlı “liqasını” yaradacaq.
Bizim üçün Azərbaycan üçün məsələnin ən vacib tərəfi odur ki, Xankəndi və ətrafında Kreml öz nüfuzunu artırır, iqtisadi və siyasi olaraq özünə bağlayır.
Bununla da həmin bölgədə yaşayan erməni əsilli azərbaycanlıları (azərbaycanlı vətəndaşlıq tanımıdır) özünə bağlamaqla onların Azərbaycana inteqrasiyasının qarşısını alır, almaqda da davam edəcək. Sonra həmin bölgəmizi də yaradacağı “cırtdan ölkələr liqasına” salmağa çalışacaq və ya bu ehtimalla bizi qorxudaraq istəklərini diktə etməkdə davam edəcək”, – Natiq Cəfərli Facebook səhifəsində yazıb.