Bakıda Türkiyə ilə həmrəylik əlaməti olaraq dollarları yandırıblar
Paylaşmaq
Paylaşmaq
Bakıda Türkiyə səfirliyinin qarşısında keçirilən aksiya zamanı Bakı Müharibə Veteranları Şurası və “Osmanlı intibahı” Xalq Hərəkatının nümayəndələri Türkiyə ilə həmrəylik əlaməti olaraq Amerika dollarlarını yandırıblar. Bu zaman “Yaşasın Türkiyə, Yaşasın Ərdoğan”, “Dollarları yandırın” və başqa şüarlar səsləndirilib. Düzdür, yaxından baxanda məlum olub ki, əskinaslar əsl dollar deyil, printerdə çap olunan surətləridir.
Bu aksiya türk lirəsinin məzənnəsi dollara nisbətdə öz tarixi minimumuna düşəndən sonra Türkiyədə (Anadoluda, mal–qara bazarında) analoji olaraq dollarların yandırılmasına cavab olub. Bu, Amerika ilə Türkiyə arasında münasibətlərin pisləşməsi, daha doğrusu, Ankaranın casusluq ittihamı ilə həbs edilən amerikalı pastor Endrü Bransonu azad etməkdən imtina etməsi fonunda baş verib. Vaşinqton da buna Türkiyənin DİN başçısı və ədliyyə nazirinə qarşı sanksiyalarla cavab verib.
Bakıya gəlincə, buradakı aksiya sarkazmla qarşılanıb. Sosial şəbəkə və forum istifadəçilər sarkazm dolu ifadələrdən çəkinməyiblər:
“Nə demək olar, növbəti ucuz şou. Bizim “vətənpərvərlərin” ağlında bircə şey var: yandırmaq, öldürmək, dağıtmaq, təkcə yaratmamaq. Demə, bunlar Türkiyənin iqtisadiyyatını dirçəltmək istəyirlərmiş. Öz ölkəni düşünmək lazımdır”.
“Amerikalılar bunlara ikicə yüz dollar versəydi, hamısı onların səfirliyinin qarşısına qaçıb, orada ulduzlu-zolaqlı bayraqları dalğalandırardı”
“Bütün dollarları etiraz əlaməti olaraq mənə göndərməyi təklif edirəm. Mən də onlara nifrət edirəm, hamısını da funta çevirəcəm”.
Eyni zamanda bir çox Bakı sakini lirənin məzənnəsinin düşdüyündən xəbər tutan kimi ehtiyatda dollar saxlamaq üçün valyuta dəyişmə məntəqələrinə gediblər. İki devalvasiyanın ağır təcrübəsindən sonra onlar ölkədə dolların kəskin bahalaşmasından qorxurlar.