Bakıda sürüşmə: qurbanlar yoxdur, amma 11 ev söküləcək
Bakı kənarındakı Badamdar qəsəbəsində oktyabrın 12-də torpaq sürüşməsi baş verib, hazırda vəziyyət nisbətən sakitdir: vizual olaraq heç bir dəyişiklik yoxdur, sadəcə vaxtaşırı olaraq təpələrdə torpaq sürüşməsi baş verir və çatlar əmələ gəıir.
Sürüşmə cümə günü Badamdar və 20-ci sahə qəsəbələrini birləşdirən yolun sağ tərəfində baş verib. Eni 250 metr və uzunluğu 200 metrdən çox olan torpaq layı sürüşüb. Yaxınlıqda yerləşən on bir ev ziyan çəkməyib, amma bu evlərin qaz, su və elektrik təchizatı dayandırılıb, sakinlərdən isə müvəqqəti olaraq başqa yerlərə köçmək xahiş olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Əziz Qaralovun sözlərinə görə, məhz bu ərazidə tikilən şəxsi evlər dolayısı ilə hazırkı sürüşməyə səbəb olub. Bu evlərdə kanalizasiya sistemi yoxdur və birbaşa torpağa axıdılan çirkab suları onu hərəkətə gətirir.
Bakının Badamdar qəsəbəsi sürüşmə sahəsində yerləşir və burada belə hallar bir neçə dəfə təkrarlanıb. Misal üçün, lap bu yaxlnlarda – 2018-ci ilin əvvəllərində sürüşmə nəticəsində 390 nəfər təxliyyə edilmişdi. Başqa sözlə, Badamdar yaşayış üçün o qədər də əlverişli yer deyil. Buna baxmayaraq, burada vaxtilə əsl yaşayış kompleksi salınıb və bu, əsas etibarilə qanunsuz tikililərdən ibarətdir.
İndi isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Eldar Əzizov deyir ki, bu evlərə görə məsuliyyəti “təhlükəli ərazidə tikinti üçün icazə verənlər daşımalıdır, belə ki, bu sahədə hər zaman sürüşmələr qeydə alınıb və buna görə də, həmin yerin landşaftı nəzərə alınmalı idi”. Söhbətin hansı şəxslərdən getdiyini məmur dəqiqləşdirməyib, lakin artıq qərar verilib ki, sözügedən 11 ev söküləcək. Onların sakinləri isə heç bir kompensasiya almayacaqlar – bunu isə bu yaxınlara qədər Bakının meri vəzifəsində çalışmış baş nazirin müavini Hacıbala Abutalıbov deyib.