Bayıl qəsəbəsinin sakinləri təhlükəsiz yerlərə evakuasiya olunmalarını tələb edirlər. Foto: Ramin Deko
Bakının Bayıl qəsəbəsində teleqüllənin yaxınlığında torpaq sürüşməsi nəticəsində dörd ev tamam dağılıb. Xəsarət alan yoxdur.
“İki həftə əvvəl bu ərazidəki bütün evlər boşaldılmışdı. Ərazidə heç kim yaşamır”, – APA agentliyinə Fövqəladə Hallar üzrə Rayon Komissiyasının sədri Abid Əliyev bildirib.
Amma bu hadisə sürüşmə zonasındakı qonşu evlərin sakinləri üçün həyəcan səbəbi olub.
“İnsanlar təşviş içindədir. Onları hələ köçürmürlər, təhlükəsiz yerdə mənzil kirayələmək üçün kompensasiya vermirlər. Yekun qərar qəbul edilənə qədər 163 saylı məktəbin binasına köçməyi təklif edirlər”, – jurnalist Ramin Deko Facebook səhifəsində yazıb.
Səbail rayonu İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sürüşmə zonasına baş çəkib və yerli sakinlərlə görüşüb.
“Bayılın sürüşmə baş vermiş ərazisində vəziyyət ciddidir, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür”, – Əzizov bildirib.
İH rəhbəri əlavə edib ki, növbəti həftənin əvvəlindən köçürülmüş sakinlərə mənzil kirayə edə bilmələri üçün vəsait ödənəcək. Müvəqqəti sığınacaq yerləri olmayan sakinlərə orta məktəb binasında yer verilib. Onlar gündə üç dəfə isti yeməklə təmin olunur.
2017-ci ilin sonunda geoloqlar Bayıl yamacında 250-300 metrlik şaquli çatlar aşkarlayıblar. Çatların eni böyüməyə başlayıb və risk zonası yerli sakinlərin evlərinin olduğu əraziyə qədər genişlənib. Təhlükə nəticəsində 80 ailə (390 nəfər) ərazidən evakuasiya olunub.