Bakıda seksual azlıq nümayəndələri kütləvi həbs edilib
Sentyabrın 22-dən başlayaraq polis Bakının mərkəzi küçələrində xüsusi reydlər keçirərək, yüzə yaxın seksual azlıq nümayəndəsini saxlayıb.
Azərbaycanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov belə reydlərin keçirildiyini təsdiqləyib və əlavə edib ki, söhbət həbslərdən yox, qısa müddətli saxlamalardan gedir.
Zərərçəkənlər isə bildirirlər ki, polis idarələrində onlara fiziki təzyiq göstərilib.
“Polislər saxlanılanlardan azad olunmaları üçün rüşvət istəyirdi, bir də şərt qoyurdular ki, geylər şəhərin mərkəzində və insanların çox toplaşdığı ərazilərdə görünməsinlər. Bundan başqa, tələb edirdilər ki, “seksual oriyentasiyalarını aydın biruza verən” paltarlar geyinməsinlər”, – BBC saxlanılanlardan birinə istinadən yazır.
Saxlanılan şəxslərdən başqa biri deyib ki, onu dörd gün ərzində zirzəmidə saxlayıblar, tələb ediblər ki, tanıdığı geylərin adlarını versin.
Zahidovun sözlərinə görə, reydin səbəbi vətəndaşların şikayəti və seksual azlıq nümayəndələrinin “ətrafdakılara qarşı hörmətsizliyi” olub. O, həmçinin işgəncələrlə bağlı ittihamları rədd edib və bildirib ki, saxlanılanlardan çoxu “ətrafdakı insanların sağlamlığı üçün təhlükə” daşıyır.
Polkovnikin sözlərinə görə, polis saxlanılanları Respublika QİÇS-lə mübarizə mərkəzinə göndərib, orada beş nəfərdə HİV və sifilis, bir nəfərdə isə ancaq HİV aşkarlanıb.
Amma QİÇS-lə mübarizə mərkəzi rəsmi şəkildə qeyd olunan günlərdə HİV virusuna yoxlanma ilə bağlı bircə dənə də müraciət daxil olmayıb. Üstəlik, polis tərəfindən saxlanılan vətəndaşın mərkəzdə qeydiyyatda olub-olmadığını yoxlamaq üçün heç sorğu da göndərilməyib.
Minority Azerbaijan insan haqları təşkilatının sədri Gülnarə Mehdiyeva deyib ki, bu, Azərbaycan LGBT birliyi nümayəndələrinin belə böyük miqyasda təqib olunmasına dair ilk hadisədir.
Mehdiyevanın sözlərinə görə, şikayətlərdən məlum olur ki, insanları geca yarısına yaxın saxlayıb, polis idarələrinə aparıb və orada cərimə kəsiblər.
“Aydın olur ki, ən müxtəlif insanları saxlayıblar – həm trangenderləri, həm də geyləri, hətta seks-xidmətlərə heç bir aidiyyəti olmayan, adi işlərdə çalışanları da”, – BBC Mehdiyevaya istinadən yazır.
İLGA-Europe [Lesbiyan, gey, biseksual, transgender və interseksualların Beynəlxalq Assosiasiyası, bu azlıqların hüquqlarının qorumaqla məşğuldur] ictimai təşkilatının hesabatına əsasən, Azərbaycan seksual azlıqların hüquqlarının qorunması reytinqində Avropa ölkələri arasında sonuncu, 49-cu yeri tutur.
Seksual azlıq təmsilçilərinin kütləvi təqibi sosial şəbəkələrdə qızğın mübahisələrə səbəb olub. Polisin əməllərini dəstəkləyən şərhlər çoxdu, bəzən açıq homofob bəyanatlar da gözə dəyirdi. Facebook sosial şəbəkəsindən iki ən xarakterik şərhi təqdim edirik:
“Geylər xəstə insanlardır, bəzən psixi, bəzən genetik… Onların hüquqlarını və ya həyatlarını əllərindən almaqdansa, onların genini tədqiq etmək və məsələni elmi səviyyədə həll etmək lazımdır. Hələ ana bətnidəykən genetik pozuntunu aşkarlayıb, üzə çıxarmaq və döl müəyyən inkişaf həddinə çatmadan onun doğumunun qarşısını almaq lazımdır ki, insan bütün həyatı boyu bədbəxt “brak” kimi yaşamasın… Geyin dünyaya gəlməsi həm valideynlərdə, həm də ətrafdakı insanlarda psixoloji problemlər yaradır!”
“Bezdirmisiz artıq, axı bu insanlar sizə neyləyib? Onlar öz həyatlarını yaşayır, heç kimə pislik eləmirlər, heç kimi öldürmürlər, sizin də öz həyatınızla yaşamağı və burnunuzu başqalarının həyatına soxmamağı öyrənmək vaxtınızdır artıq. Polis isə oğrularla və rüşvətxorlarla mübarizə aparsa daha yaxşı olardı. Bilmirlər artıq nə ilə məşğul olsunlar, təki real olaraq böyük problemləri həll etməsinlər, qəsdən insanları təhrik edir və lazımsız mövzularla başlarını qatırlar”.