Bakıda qanunsuz hasarları sökürlər
Bakının İcra Hakimiyyəti yol kənarlarında və səkilərdə insanların normal hərəkətinə mane olan qanunsuz hasarların sökülməsinə başlayıb. Bu məqsədlə yaradılan işçi qrup artıq Azərbaycan paytaxtının bütün rayonlarında reydlər keçirib.
Demontaj Xətai rayonundan başlanıb və orada yeddi belə hasar sökülüb. Əsasən bunlar kommersiya məqsədləri ilə istifadə etmək üçün küçələri kəsən metal laylardan hazırlanmış “əldəqayırma” çəpərlərdir. Məsələn, çayxana açmaq üçün. Odur ki, İcra Hakimiyyətinin nəzarət şöbəsinin rəhbəri Zülfəli İsmayılovun Report-a bildirdiyi kimi bu həm də qanunsuz küçə ticarətinin qarşısını almaq vasitəsidir.
Amma aydın deyil ki, bu qanunsuz obyektlər ümumiyyətlə necə peyda olub. Məmurlar bildirirlər ki, onların sahibləri heç bir rəsmi icazə almadan sadəcə dövlətin torpağında hasar quraşdırıblar.
Bu yaxınlarda keçmiş mer Hacıbala Abutalıbov öz vəzifəsini tərk edib və baş nazirin müavini olub, Eldar Əzizov isə merin səlahiyyətlərini yerinə yetirən şəxs təyin edilib.
Sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, bu iki fakt – şəhər rəhbərinin dəyişilməsi və qanunsuz tikililərin sökülməsi bir-birii ilə bilavasitə bağlıdır.
“Hacıbala da özündən əvvəlki merin qoyduğu köşkləri sökməklə başlamışdı”, – bəziləri üzərindən on ildən çox vaxt keçən hadisələri xatırlayır.
“Əzizov Abutalıbovun “hakimiyyət” dövrünün izlərini silir ki, özü üçün fəaliyyət sahəsini təmizləsin”, –digərləri ehtimal edir.