İyulun 17-də Bakı Apelyasiya Məhkəməsində İŞİD-in maliyyələşdirilməsində ittiham olunmuş şəxslərlə bağlı məhkəmə prosesi keçirilib. Məhkəmə vəsatətlərə baxmaq üçün iclası iyulun 27-nə təxirə salıb. Təqsirləndirilən şəxslərin qohumları bunu etirazla qarşılayıb.
Onlar Bakı Apelyasiya Məhkəməsinin önündə avtomobil yolunu, marşrut avtobusunun qarşısını kəsiblər.
Etiraz edənlərin sözlərinə görə, təqsirləndirilən şəxslər əsassız olaraq həbs edilib.
4 may 2021-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Qurbanov 8 il, Amin Həsənov, Əflatun Bayramov və Babək Məmmədli – hərəsi 7 il, Tehran Qasımov 5 il, Cavid Amanov, Elgün İsmayılov, Ələddin İbişov, Yusif İmanov, Orxan Qurbanov, Şəhriyar Cabbarov – hərəsi 2 il yarım müddətinə azadlıqdan məhrum ediliblər.
Məhkum edilənlər Cinayət Məcəlləsinin qanunsuz dini təyinatlı ədəbiyyatın istehsalı, idxalı, yayılması, dini ekstremist ədəbiyyatın qanunsuz dövriyyəsi, terrorçuluq və cinayətkar təşkilat yaratma maddələri ilə təqsirli biliniblər.
Bu proseslə bağlı məhkəmədə təqsirləndirilən şəxslər həbslərinə etiraz olaraq məhkəmə zalında özlərinə xəsarətlər yetiriblər.