Bakıda “Jara-2017” beynəlxalq musiqi festivalı start götürüb
Paylaşmaq
Paylaşmaq
İyulun 27-də Bakıda “Jara-2017” beynəlxalq musiqi festivalının açılışı baş tutub.
Populyar musiqinin 80-dən çox ulduzu dörd axşam tamaşaçıları öz mahnı və şou-proqramları ilə sevindirləcək. Konsert iştirakçıları əsasən keçmiş SSRİ ölkələrini təmsil edir, amma başqa ölkələrdən olanlar da var. Məsələn, festival qonaqları arasında Almaniyanın kütləvi pərəstiş edilən Rammstein qrupunun solisti Till Lindemann da var. ən məşhur adlar sırasında Vaxtanq Kikabidze, Alla Puqaçova, Sofiya Rataru, Filip Kirkorov, Nikolay Baskov, Qriqori Leps, Dima Bilan, Ani Lorak, “Serebro”, “Potap və Nastya”, “A-Studio” qrupları və bir çox başqalarını da göstərmək olar. Öz repertuarından bir neçə ən yaxşı mahnını Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da oxuyacaq.
Festival Xəzər dənizi sahilində açıq səma altında See Breeze istirahət zonasında keçiriləcək. Festivalın təşkilatçısı rusiyalı biznesmen və Azərbaycan mənşəli müğənni Emin Ağalarovdur.
Fan-zonadakı ayaqüstü yerlərə biletlərin minimum qiyməti 30 manatdır (18 ABŞ dolları). Altı nəfərlik VIP masaların maksimum qiyməti isə 10 min manatdır (5,880 USD).
Bu, Bakıda keçirilən ikinci belə open-air festivaldır. İlk “Jara” ötən il baş tutmuş, iki axşam davam etmişdi. Orada 60-dan çox artist və şou-biznes ulduzu iştirak etmişdi. Festivalı AzTV-nin 3 milyondan çox və Rusiyanın Birinci kanalının 150 milyondan çox tamaşaçısı izləmişdi. Bu il təşkilatçılar daha böyük auditoriya toplamağa ümid edir.