Aprelin 5-də Bakının mərkəzindəki Fəvvarələr meydanında heyvansevərlərin etiraz aksiyası keçirilib. Bir qrup heyvan haqları aktivisti sahibsiz itlərin küçələrdə güllələnməsinə etirazını bildirib. Polis aksiyanı dağıdıb, saxlanılanlar var.
Aksiya iştirakçıları “Konvensiyanı icra et!”, “Qanuna riayət edin!”, “İtlərin güllələnməsinə son” şüarları səsləndiriblər, etirazlarını əks etdirən plakatlar qaldırıblar.
Aksiya iştirakçıları nə istəyir?
Etirazçıların iddialarına görə, yerli icra hakimiyyəti orqanları və “Toplan” sahibsiz heyvanlara qayğı mərkəzinin əməkdaşları küçələrdə sahibsiz itləri güllələyərək qətlə yetirirlər.
2007-ci ildə Azərbaycan “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa konvensiyasına qoşulub. Aksiya iştirakçıları hakimiyyəti bu konvensiyanın tələblərinə riayət etməyə çağırıblar.
Polis aksiyaya müdaxilə edərək, onu dağıdıb, bir neçə etirazçı saxlanılaraq, polis bölməsinə aparılıb və bir neçə saatdan sonra sərbəst buraxılıb.
Şərhlər
Cəmiyyətdə heç də hamı heyvansevərlərin bu aksiyasını məqsədəuyğun hesab etməyib. Sosial şəbəkələrdə üstünlük təşkil edən şərhlər də bunu göstərir. Bəzi xarakterik şərhlər:
“Bu dəfə polisi haqlı hesab edirəm. Adama deyərlər, sənə heyvan lazımdır, yoxsa aç xalqını gorumaq?”
“Qonşusundan xəbəri yoxdur, evdə acından ölür, ya yox, dərman almaga pulu var, ya yox, düşüblər it-pisik haqlarını qorumağa. Gedin, özünüzə sənət tapın”.
“Əvvəlcə öz hüquqlarınızı tələb edin. Öz problemlərimiz aşıb-daşır, gör nəyin davasını edirsiniz”.