Bakıda hər üç məktəblidən biri bullinq qurbanıdır
Bakı məktəblilərinin hər üçündən biri bullinqə məruz qalır. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) apardığı tədqiqatın nəticələri bunu gəstərib – Media.az saytı yazır.
• Gürcüstan məktəblərində bullinq: digərlərindən fərqli olmağın bədəli
Bakının 197 məktəbinin yeddi minə yaxın şagirdi sorğu edilib. Onların 36 faizi bildirib ki, azı ayda bir neçə dəfə məktəbdə alçaldılmaya məruz qalır. Alçaldılma deyəndə digər şagirdlərin istehzasını, təhdidini, barələrində şayiə yaymalarını, onları döymələrini, şəxsi əşyalarını əllərindən almalarını və ya korlamaları nəzərdə tuturlar.
Bununla yanaşı sorğuda iştirak edənlərin 70 faizi etiraf edib ki, birini qısnayanda və heç kim onu müdafiə etməyəndə, bu, onlarda ikrah hissi doğurur.
Həmçinin hər dörd şagirddən biri deyib ki, məktəbdə özünü tənha hiss edir.
Məktəbli qızın intiharı cəmiyyəti bullinq problemi haqda düşünməyə vadar edib
Məktəbdə bullinq problemi və onunla mübarizə yolları 14 yaşlı Elina Hacıyevanın intiharından sonra çox aktuallaşıb və fəal müzakirə olunur.
2019-cu ilin yazında Elina digər şagirdlərin qısnamasına məruz qaldığı və məktəb administrasiyasının buna göz yumduğu üçün özünü məktəb pəncərəsindən atmışdı.
• Elina Hacıyeva niyə öldü və buna görə kim cavabdehdir?
Əgər əvvəl bullinq mövzusu Azərbaycanda nadir hallarda qaldırılırdısa, Elinanın ölümündən sonra bu haqda hamı danışmağa başladı: sosial şəbəkə istifadəçilərindən tutmuş məmurlara qədər.
Bullinqlə mübarizə çərçivəsində Təhsil Nazirliyi video-çarx hazırlayıb. Video müəllimlərin və valideynlərin uşaqlara daha çox diqqət yetirməli olduğu haqdadır.
• “Mənimlə danış” – Azərbaycan Təhsil Nazirliyi bullinqə qarşı kampaniya başladıb
Məktəblilərin bullinq və digər bu kimi problemlərlə bağlı birbaşa nazirliyə şikayət edə biləcəyi qaynar xətt də açılıb.
İlk növbədə ictimai fəallar və gənclər hərəkatları bu mövzuda vaxtaşırı seminarlar keçirir və müzakirələr aparır, bullinqin nə olduğunu, uşaqların və valideynlərin bu cür hallara necə reaksiya verməli və özlərini necə qorumalı olduqları haqda danışırlar.