Bakıda Formula-1 yarışlarının səkkizinci mərhələsinə start verilib
Paylaşmaq
Paylaşmaq
Formula -1 üzrə dünya çempionatının səkkizinci mərhələsinin, Azərbaycan Qran-prisinin ilk günü yaddaqalan hadisələrlə müşayiət olunub.
Red Bull Racing komandasının pilotu holland Maks Fertsappen (Max Verstappen) Bakı küçələrində iki azad dövrə sessiyasında ən yaxşı nəticəni göstərib, günün sonunda isə maşını qəzaya uğrayıb.
Bu qəza yeganə olmayıb. Azad dövriyyələrin ən yaddaqalan olayı Force India təmsilçisi Serxio Peresin (Sergio Perez) qəzası olub. Meksikalı trasın ən dar döngəsində idarəetməyə hakim ola bilməyib. İçərişəhərə doğru qalxarkən Peres divara çırpılıb və maşının təkəri yerindən qopub. Eyni döngədə daha sonra Renault komandasının pilotu Colion Palmer də səhvə yol verib və maşını vurub.
İkinci dövriyyədə saat yarım ərzində pilotlar tez-tez baryerlərə dəyir və qəzalardan zorla qurtulurdular. Birinci döngədə bir ara iki dünya çempionu Kimi Raykkonen və Lyuis Xemilton da az qala toqquşacaqdı. Son anda britaniyalı maşınını qaçıraraq qəzanın qarşısını ala bilib, Azərbaycan Qran-prisinin rəsmi saytı xəbər verir.
Yarışmanın ilk günü başa çatandan sonra Bakının küçə avtodromunda Türkiyənin pop ulduzu Tarkanın konserti baş tutub.
Bakı Dünya üzrə Formula-1 yarışlarının xüsusi inşa edilmiş trasda deyil, şəhərin mərkəzi küçələrində keçirildiyi üç şəhərdən biridir (Monako və Sinqapurla eyni sırada).
Baku City Circuit 2016-cı ildən keçirilir. Pilotlar hər birinin uzunluğu 6 km olan 51 dövrə edirlər.
Ötən il Bakı mərhələsinin qalibi dünya çempionu, almaniyalı pilot Niko Rosderq olub. Bu ilki yarışlarda isə o iştirak etmir, çünki idman karyerasının sona çatdığını elan edib.