Bakıda feminist marşı: polis əməkdaşlarının qışqırığı altında şüarlar
Azərbaycan feminist hərəkatı Azərbaycanda martın 8-də qeyd olunan Beynəlxalq qadınlar gününə həsr olunmuş yürüş keçirib. Təşkilatçılar cəmiyyətin diqqətini qadınların çoxsaylı “məişət” qətllərinə, erkən nikahlara və digər gender problemlərinə yönəltmək istəyirdilər. Polis iştirakçılara zor tətbiq edərək və onlardan bəzilərini saxlayaraq, aksiyanı dağıtmağa çalışırdı.
İcazəsiz ənənə
Feminist marşları – Azərbaycan üçün yeni tendensiyadır.
Qadın hüquqlarının müdafiəsi naminə ilk marşı Azərbaycan feministləri 2019-cu ilin mart ayının 8-də keçiriblər. İkincisi isə 20 oktyabr 2019-cu il tarixində baş tutmuşdu. İlk dəfə yürüşü dağıtmışdılar, ikinci dəfə isə iştirakçıların əksəriyyəti hər halda martşrutun sonuna kimi gedə bilmişdi.
Bununla birlikdə, hər iki dəfə yürüş təşkilatçıları onu şəhər hakimiyyəti ilə razılaşdırmağa cəhd etsələr də, imtina cavabı almışdılar. Bu dəfə də belə oldu – hakimiyyət onların şəhərin mərkəzində aksiya təşkil etmək istəyini bəyənmədi və onu şəhərdən kənarda yerləşən Lökbatan qəsəbəsində keçirməyi təklif etdi.
Buna cavab olaraq feminist qadınlar bildirdilər ki, icazə almaq üçün müraciət etməmişdilər: onlar sadəcə olaraq hakimiyyəti xəbərdar ediblər ki, yürüş şəhərin mərkəzində keçiriləcək.
Bayram zorakılığı
Aksiyaya təxminən 50 nəfər gəlmişdi. Onlar şəhərin mərkəzi gəzinti hissəsi boyunca keçmək və marşrutun sonunda öz tələblərini oxumaq istəyirdilər.
Bakıda icazə verilməmiş aksiyalarla bağlı adətən olduğu kimi, artıq aksiyanın başlamasına bir saat qalmış onun keçiriləcəyi yerin ətrafına polis əməkdaşları (mülki geyimli polis əməkdaşları da daxil olmaqla) toplaşmışdılar və xidməti avtomobillər və avtobuslar düzülmüşdülər.
Aksiya başlayan kimi onları dərhal qovmağa başladılar. İştirakçıları və hətta jurnalistləri kobudcasına kənara sıxışdırır, vurur, güclə metro stansiyasına salır, kişiləri tuturdular. İlkin məlumatlara görə, təxminən 10 nəfər saxlanılıb.
Aksiya iştirakçıları bir neçə qrupa bölünərək, yollarına davam ediblər və polis əməkdaşlarının arasından keçməyə çalışıblar. Qarşıdurma təxminən bir saat davam etdi.
Bütün bunlara baxmayaraq, yürüşün təşkilatçıları nəticədən razıdırlar və hesab edirlər ki, öz məqsədlərinə çatıblar.
• Sən bunlara toxuna bilməzsən – Azərbaycandan foto-hekayə
• Ermənistanda tənha analar. Buna cəsarət edən qadınların hekayələri
• Polis Bakıda qısa yürüşü iki saatlıq mitinqə necə çevirdi? – video



