Bakıda etiraz aksiyasının iştirakçıları polis idarəsində döyülüb
Qadın qətllərinə qarşı dinc etiraz aksiyası keçirən feminist fəallar və aksiyanı işıqlandıran jurnalistlər Azərbaycan polisi tərəfindən zorakılığa məruz qalıb.
Avqustun 4-də bir qrup feminist Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin qarşısında ötən gün Sevinc Məhərrəmovanın əri tərəfindən qətlə yetirilməsinə etiraz olaraq dinc aksiya təşkil edib. Fəallar idarə binasının girişinə qan rəmzi olaraq, qırmızı boya töküblər və plakatlar açaraq, “Qadın qətlləri siyasidir” şüarı səsləndiriblər.
- Ailənizi qorumaq üçün nələrə hazırsız? Azərbaycanda nikaha münasibət dəyişir
- Polis bu dəfə də “Toplan”a etiraz edən gənclərin aksiyasını zorakılıqla dağıtdı – VİDEO
- Jurnalistlər Bakı Apellyasiya Məhkəməsinin önündə etiraz aksiyası keçiriblər – VİDEO
Etiraz aksiyasını canlı yayımlayan jurnalistin telefonu zorla əlindən alınandan sonra fəallar Gülnarə Mehdiyeva, Sevgi İsmayılbəyli və Nərmin Şahmarzadə, o cümlədən jurnalistər Ülviyyə Əli, Elnarə Qasımova və Nərgiz Absalamova zorla idarəyə aparılıblar. Orada bir saat saxlanılaraq, fiziki və psixoloji zorakılığa məruz qalıblar.
Etirazın səbəbi
Avqustun 3-də əri tərəfindən qətlə yetirilən 23 yaşlı iki uşaq anası Sevinc Məhərrəmova 2021-ci ilin martında əri tərəfindən zorakılığa məruz qaldığı üçün feminist fəallardan yardım istəmişdi. Məlum olmuşdu ki, S.Məhərrəmova 18 yaşında olarkən ailəsi tərəfindən özündən xeyli böyük olan Füzuli Qarayevə ərə verilib.
Qızın şəxsiyyət vəsiqəsi olmadığı üçün əri ilə rəsmi nikahı olmayıb. Birgə yaşadıqları müddətdə iki övladları dünyaya gəlib. İlk gündən Sevinc Məhərrəmova əri tərəfindən mütəmadi döyülüb. Nəhayət, növbəti dəfə odun parçası ilə döyüləndən sonra evdən qaçıb və qadın hüquqlarının müdafiəsi ilə məşğul olan fəallara müraciət edib.
Qadın hüquqları müdafiəçisi Gülnara Mehdiyevanın bildirdiyinə görə, qadının zorakılığa məruz qaldığı fotolarla və tibbi ekspertiza rəyi ilə təsdiqlənib. Vəkillə təmin edilən gənc qadın 23 yaşında ilk dəfə şəxsiyyət vəsiqəsi ala bilib, məruz qaldığı zorakılıqla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Xəzər Rayon Polis İdarəsində cinayət işi başladılsa da, Füzuli Qarayev həbs edilməyib. Üstəlik, F.Qarayev uşaqları gizlədərək, Sevinc Məhərrəmovanın evə qayıtması üçün onu manipulyasiya etməyə başlayıb.
May ayının 4-də uşaqlarının yanına qayıdan Sevinc Məhərrəmova iki aydan sonra əri tərəfindən qətlə yetirilib. Gülnara Mehdiyevanın bildirdiyinə görə, S.Məhərrəmovanın şikayətini araşdıran Xəzər Rayon Polis İdarəsinin rəisi və işlə bilavasitə məşğul olan polis əməkdaşı zorakılıq əməli ilə bağlı çox sayda sübut olsa da, Füzuli Qarayevi nəinki həbs etməyib, hətta qadının ərinin yanına qayıtması üçün onları dəfələrlə bir araya gətirməyə çalışıb.
“Hüquq-mühafizə orqanları, bilavasitə Xəzər Rayon Polis İdarəsinin rəisi və əməkdaşı israrla bu şəxsin həbsindən, uşaqları onun əlindən almaqdan imtina etdi və qadını məcbur buraxdı ki, o, uşaqlarına görə yenə də həmin zorakı ərlə bir evdə yaşasın. Bu gün həmin qadının bası kəsilərək öldürülüb və o, artıq morqdadır”, – Gülnarə Mehdiyeva bildirib.
Zorakılığa etiraz edənlərə qarşı zorakılıq
Fəalların Xəzər Rayon Polis İdarəsi qarşısında keçirdikləri etiraz aksiyasının səbəbi də məhz bu olub.
Polis idarəsindən çıxdıqdan sonra həm fəallar, həm də jurnalistlər başlarına gələnləri danışıblar.
“Əlimdən kameramı və telefonumu iki polis əməkdaşı almağa çalışırdı. Mən isə buna dirəniş göstərməyə çalışdım, kameranı və telefonu əlimdən buraxmırdım. Həmçinin jurnalist olduğumu da dəfələrlə dedim. Buna məhəl qoymadılar, kameranı alanda əlimə yüngül xəsarət yetiriblər. Həmçinin kameram da zərər görüb. Polislər zorakılıqla hər birimizi idarəyə apardılar. Mənə qarşı idarənin içində zorakılıq olmadı, ancaq Nərmin Şahmarzadə, Gülnara Mehdiyeva və Sevgi İsmayılbəyliyə zorakılıq edildiyini gördüm. Hamını təhqiramiz ifadələrlə təhqir edirdilər, psixoloji təzyiq göstərilirdi.
Polis əməkdaşı divara dirənmiş şəkildə fotomu çəkmək istəyəndə buna etiraz etdim, daha sonra isə arxamı çevirdim. Arxamı çevirəndə mənə “siz öyrəşmisiniz arxanızı çevirməyə” dedi”, – jurnalist Ülviyyə Əli Facebook-da yazıb.
Gülnarə Mehdiyeva onların hər birinin ayrı-ayrı otaqlara salındıqlarını bildirib. Onun sözlərinə görə, iki polis nəfəri salındığı otaqda dəfələrlə onun başına zərbələr endirib, üzünə şillə vurub, saçından tutaraq yerdə sürükləyib, cinsi zorakılıq xarakterli sözlərlə təhqir edib.
“Polislərdən birinin adı İbrahimov Elmir, digərinin adı Pərviz idi. Elmir özü mənə sənədlərini göstərdi ki, yəni sən mənə heç nə eləyə bilməzsən. Pərvizin adını isə təsadüfən onu çağırdıqları zaman eşitdim”.
Gülnarə Mehdiyevanın sözlərinə görə, polis nəfərləri binanın üstünə tökdükləri boyanı onlara dilləri ilə yaladacaqlarını, köynəklərini çıxarıb sildirəcəklərini bildiriblər. Amma bu zaman polis idarəsinin rəisi aksiyanın canlı yayımlandığının və ictimaiyyətin artıq fəalların və jurnalistlərin saxlandığından xəbərdar olduğunun fərqinə varıb.
“Elə bildi, video telefonlardadır, siləcəklər, yayılmayacaq. Zəng gəldi ki, video yayılıb. İlahi, rəis az qala polisləri döyəcəkdi. Qışqırtısı koridoru inlədirdi. Dərhal bizi buraxmalarını tapşırdılar. Başladılar quzu olmağa”, – Nərmin Şahmarzadə Facebook-da yazıb.
“Bölmədə fiziki və psixoloji zorakılığa məruz qalmışam, qalmışıq. Həqiqətən qadın qətlinə etiraz etməyə gedib döyülmək qəribədir. Kaş bizə göstərdikləri zorakılıqları vaxtında zorakılara göstərəydilər. Onda əminəm ki, heç qadın qətli baş verməzdi.
Qadın qətlləri siyasidir. İstanbul Konvensiyası mütləqdir”, – aksiyada saxlanılan digər fəal Sevgi İsmayılbəyli Facebook-da yazıb.
Həm fəallar, həm də jurnalistlər polis tərəfindən məruz qaldıqları zorakılıqla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindədirlər.