Bakıda blogger Aleksandr Lapşinin işi üzrə məhkəmə başlayıb
Paylaşmaq
Paylaşmaq
İyunun 22-də Bakı Ağır Cinayətlər üzrə Məhkəmədə dövlət sərhədini qanunsuz keçməkdə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına çağırış etməkdə ittiham olunan blogger Aleksandr Lapşinin işi üzrə ilk məhkəmə iclası baş tutub.
İclas hazırlıq xarakteri daşıyıb. İclasda İsrail, Ukrayna və Rusiyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edib. Hüquq müdafiəçilərindən Monitorinq Qrupunun fəalları Səidə Qocamanlı və Səadət Bənənyarlı iclas zalına buraxılıb. Müstəql mətbuat nümayəndələri zala buraxılmayıb.
Fasilədən sonra hakim Əlövsət Abbasov əsas məhkəmə prosesinin ilk iclasını iyunun 30-a təyin edib.
Vəkil Eduard Çernin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət irəli sürməyib. “Gəlin, real düşünək: Onun Azərbaycanda yaşayış yeri yoxdur, qalmağa yeri yoxdur. Səhhəti normaldır, həkim nəzarətindədir və hələ də təcridxananın tibb məntəqəsində qalır”, – “Kavkazskiy uzel” məhkəmə iclasında iştirak edən anonim şəxsə istinadən vəkilin sitatını yayıb.
“Lapşın özünü təqsirli bilirmi?” sualının cavabında vəkil Çernin deyib ki, “o, özünü qismən təqsirli bilir”, çünki həqiqətən də Azərbaycan qanunlarını pozaraq Dağlıq Qarabağ ərazisinə səyahət edib. Amma vəkil əlavə edib ki, müvəkkili bunu “tanışlıq məqsədilə” edib və o, Azərbaycanın ərazi bütövlüyünə hörmət edir, – Turan İnformasiya Agentliyi yazır.
Blogger Aleksandr Lapşin Azərbaycanın sorğusu ilə Belarusda 2016-cı ilin dekabrında həbs edilib. Fevralın 7-də onu Bakıya ekstradisiya ediblər və burada ona qarşı Cinayət Məcəlləsinin iki maddəsilə ittiham irəli sürülüb: dövlət sərhədini qanunsuz keçmək və dövlətə qarşı yönəlmiş çağırışlar etmək. Bu maddələrlə bloggeri 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Lapşinin işi ilə daha ətraflı JAMnews-un məqaləsində tanış olmaq mümkündür.