Bakıda bir gündə daha iki sürüşmə: bir ev uçub və inşaatı gedən binanın qarşısında yol dağılıb
Paylaşmaq
Paylaşmaq
Badamdar qəsəbəsindəki sürüşmənin ardınca Bakıda eyni gündə daha iki sürüşmə baş verib. Bunlardan biri Bayıl qəsəbəsində olub və nəticədə bir ev uçub, qonşu evlərdə isə çatlar əmələ gəlib. Şəhərin mərkəzində yaşanan ikinci sürüşmə isə yol kənarında 60 metrlik səkinin çökməsinə səbəb olub.
Bayıl qəsəbəsi (elə Badamdar kimi) sürüşmə təhlükəsi olan ərazilər sırasına daxildir və bu cür hallar burada tez-tez təkrarlanır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilir ki, Bayıl qəsəbəsində sürüşmə texniki səbəblərdən baş verib: ərazi yüksək təpədə yerləşir və orada yumşaq qrunt üzərində evlər tikilib. Üstəlik çirkab suları da torpağa axıdıldığı üçün torpaq yüklənməyə tab gətirməyib.
Bura “Bayıl dağının” yamacıdır. Hər il yağış mövsümündə burada qrunt sürüşməyə başlayır. Bununla belə yamacda birmərtəbəli gecəqondular və böyük villalar çoxalmaqda davam edir. Badamdarda ilk sürüşmə baş verdiyi gün dağıntının cəmi yüz metrliyində inşaat işləri davam etdirilirdi. Şəhər kanalizasiyasından kənarda tikilən bu evlərdən çirkab sularının torpağa axıdıldığını ətrafa yayılan üfunət də təsdiqləyir.
Qaydalara əsasən, torpaq sahələrinin satışına və inşaat işlərinə icazənin verilməsi ilə Dövlət Əmlak Komitəsi və icra hakimiyyətləri birgə məşğul olur. Amma Badamdarda baş verən sürüşmədən sonra burada bu qədər qanunsuz tikililərin haradan əmələ gəldiyi haqda sual gündəmə gəldiyi zaman məmurlar bildirdilər ki, buna görə hansısa abstrakt şəxslər – “vaxtilə təhlükəli ərazidə tikintiyə icazə verənlər” cavabdehdir.
Sökmüş səkiyə gəlincə, onun yaxılığında çoxmərtəbəli bina tikilir. Üstəlik inşaat normalarına da əməl olunmadan – dayaq divarı olmadığı üçün yol zədələnib. Yağış yağıb və nəticədə sürümə baş verib. Avtomobil Yolları Agentliyinin nümayəndəsi Anar Nəcəfli baş verənləri belə izah edib. Yəni belə çıxır ki, günahkar inşaat şirkəti və yağışdır.
Cəmi bir həftə içində ard-arda bu qədər sürüşmə sosial şəbəkələrdə qəzəb və sarkazm mövzusuna çevrilib:
“Nəhayət, nə vaxt bu yolla pul yuyan məmurlar “oturacaqlar”?!”
“Belə getsə, yaxında bütün şəhər sürüşəcək”
“Bakı dənizə sürüşmək istəyir”
“Çoxmərtəbəli binaların inşaatını dayandırmaq, şəhərin kanalizasiya sistemini yeniləmək, yeraltı çaylar olan yerlərdə drenaj qurğuları quraşdırmaq lazımdır, əks halda zamanla şəhər xarabalığa çevriləcək”.