Bakıda baş tutacaq Avropa Liqasının finalını “Fotbol muzeyi” reklam edir
Paylaşmaq
Paylaşmaq
“Futbol muzeyi” Bakının düz mərkəzində – İçərişəhərin iki addımlığında qurulan çadırda açılıb. Muzeyin məqsədi futbol üzrə Avropa Liqasının mayda Bakıda keçiriləcək finalına diqqət çəkməkdir. Bu, belə yüksək səviyyəli turnir finalının Qafqazda keçirildiyi ilk haldır.
UEFA-nın Avropa Liqası əhəmiyyətinə görə UEFA Çempionlar Liqasından sonra Avropa futbol klubları üçün nəzərdə tutulan ikinci turnirdir. 1971-ci ildən keçirilir. Hazırkı mövsümdə çempionluğa namizədlər sırasında Chelsea (İngiltərə), Napoli (İtaliya), Sevilla (İspaniya) və Avropanın digər ən güclü komandaları var.
Eksponatlar Avropa Liqasının tarixini əks etdirir: futbolçuların imzalı köynəkləri, Avropa Liqasının rəsmi topu, Avropa Liqasının final oyunlarında istifadə olunan toplar.
Ziyatərçilər üçün əyləncəli proqramlar, futbol bilikləri və bacarıqlarına dair müsabiqələr nəzərdə tutulub.
Bundan başqa, muzeydə yerli və əcnəbi futbol ulduzlarının imza sessiyaları keçiriləcək. Dekabrın 23-də baş tutan ilk sessiyada Argenitina yığmasının məşhur forvardı Ernan Krespo pərəstişkarlarına imza paylayıb.
Muzey dekabrın 22-dən yanvarın 7-ə qədər fəaliyyət göstərəcək. Giriş pulsuzdur.