Bakıda Azərbaycanın keçmiş müdafiə naziri həbs olunub
Paylaşmaq
Paylaşmaq
Keçmiş müdafiə naziri, 74 yaşlı Rəhim Qazıyev dekabrın 26-da 10 sutka inzibati həbs cəzasına məhkum edilib. Qazıyev ötən gecə saxlanılıb və polisin qanuni tələbinə tabe olmamaqda ittiham olunub.
Nə vəkil, nə də Qazıyevin qohumları onun haqqında hökm oxunduğu zaman məhkəmə iclasında iştirak etməyib. Məhkumun qardaşı Rahab Qazıyev Turan agentliyinə bildirib ki, məhkəmənin qərarı haqda ona Bakının Nərimanov rayon polis idarəsinin 17-ci bölməsindən günün sonunda xəbər verilib. Saxlandığı yer haqda isə hətta onun vəkili Zibeydə Sadıqovaya da məlumat verilməyib.
Yerli hüquq müdafiəçiləri ehtimal edirlər ki, keçmiş müdafiə nazirinin həbsinə Kanal-13 internet televiziyasına verdiyi müsahibə səbəb ola bilər. Youtube servisində dekabrın 21-də yayılan müsahibədə Qazıyev Azərbaycan prezidentini kəskin tənqid edib.
74 yaşlı Qazıyevin həbsi Azərbaycanın qanunvericiliyinə də ziddir, çünki inzibati xətalar məcəlləsinə əsasən 65 yaşdan yuxarı kişilər inzibati məsuliyyətə cəlb edilə bilməz.
Rəhim Qazıyev Azərbaycan Xalq Cəbhəsinin üzvü olub. 1992-ci ilin martından 1993-cü ilin fevralına qədər müdafiə naziri vəzifəsini tutub. Heydər Əliyev hakimiyyətə gələndən sonra həbs olunub və ağır cinayətlərdə günahlandırılaraq, ölüm cəzasına məhkum edilib. Daha sonra hökm əvvəlcə ömürlük həbslə, daha sonra isə 15 il cəza ilə əvəzlənib. 2005-ci ildə o, prezident İlham Əliyev tərəfindən əfv edilib.