Bakıda avtobusları zibilləyən sərnişinlər cərimələnəcək
Paylaşmaq
Paylaşmaq
“BakuBus” nəqliyyat şirkəti şəhər avtobuslarının salonlarında təmizliyi pozan sərnişinlərə “müharibə” elan edib. Bu haqda şirkətin rəsmi saytında yazılıb.
“Gecə boyu xüsusi mütəxəssislər tərəfindən mərhələli şəkildə təmizlənib səhər xəttə buraxılan avtobusun salonunda gecə yarısı qayıdarkən nələr aşkar olunmur? Müxtəlif növ məişət tullantıları, salfetkalar, siqaret kötükləri, kağız parçaları, meyvə və ərzaq qalıqları v.s. Ən ürək ağrıdan məqam isə oturacaq və salonun digər hissələrinin məsuliyyətsiz sərnişinlər tərəfindən yazılması, cızılması və qalıcı xəsarətlərin yetirilməsidir” – “Bakubus” şirkətinin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev APA agentliyinə müsahibəsində söyləyib.
Piriyev əlavə edib ki, qaydaları pozanlar video müşahidə kameralarının köməyi ilə aşkarlanacaqlar. “Həmin sərnişinlər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək”. Cərimənin məbləği barədə hələlik məlumat verilmir.
“Bakubus” şirkəti 2014-cü ildə Bakı şəhəri icra hakimiyyətinin tabeçiliyində yaradılıb.
Şirkətin marşrutlarında fransız-italyan “İveko” markalı ən müasir avtobuslar işləyir.
Gediş haqqı 20 qəpik (10 ABŞ senti) təşkil edir. Ödəniş yalnız kart vasitəsilə aparılır.