Bakıda ABŞ və Rusiyanın Baş qərargahlırının rəisləri görüşəcək
Paylaşmaq
Paylaşmaq
ABŞ Silahlı qüvvələri qərargah rəislərinin birləşmiş komitəsinin sədri general Cosef Danford (Josef Dunford) və Rusiya ordusunun Baş qərargah rəisi Valeri Gerasimov fevralın 16-da Bakıda görüş keçirəcək və hərbçilər arasında əlaqələrin mühümlüyünü müzakirə edəcəklər. Bu barədə RİA Novosti agentliyi Pentaqonun mətbuat xidmətinə istinadən xəbər verib.
Bu, Danford ilə Gerasimov arasında ilk görüşdür. Buna qədər onlar arasında bir telefon söhbəti olub.
“Gündəliyə əsasən Rusiya Federasiyası və ABŞ arasında mövcüd qarşılıqlı əlaqələr və onların inkişaf perspektivləri, həmçinin tərəflərin hərbi fəaliyyəti ilə bağlı mümkün insidentlərin qarşısının alınması müzakirə olunacaq” – RF Müdafiə nazirliyindən “İnterfaks” agetliyinə verilən məlumatda deyilir.
«Hərbi liderlər müxtəlif məsələləri, o cümlədən ABŞ və Rusiya arasında mövcüd hərbi əlaqələri və insidentlərin qarşısının alınması məqsədilə hərbçilər arasında daimi ünsiyyətin vacibliyini müzakirə edəcəklər”0 – məlumatda belə deyilir.
Fevralın 16-da ABŞ nümayəndə heyətini Azərbaycanın prezidenti İlham Əliyev qəbul edib.
New York Times qəzeti Danford ilə Gerasimovun görüşünün niyə məhz Bakıda keçirilməsinin səbəbini öyrənib.
ABŞ rəsmi mənbələrinə istinadən qəzet yazır ki, Rusiya tərəfi Danforda Moskvaya yaxud Belarusa gəlməyi təklif edib. Pentaqon isə görüşün Qərbi Avropada keçirilməsini istəyib.
Lakin Avropa Birliyinin Gerasimova qarşı tətbiq etdiyi sanksiyalara görə onun Avropaya səfəri qeyri-mümkündür. Sanksiyalar Gerasimovun Ukrayna münaqişəsində əsas fiqurlardan biri olmasına görə tətbiq edilib. Nəticədə görüşün Bakıda keçirilməsi qərara alınıb.