Bakıda ABŞ səfirliyi qarşısında ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanınması əleyhinə etiraz aksiyası keçirilib
Paylaşmaq
Paylaşmaq
Bir qrup dindar qadın ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına qarşı dekabrın 11-də Amerikanın Bakıdakı səfirliyinin önündə etiraz aksiyası keçirib.
Aksiya Azərbaycan İslam Partiyasının Qadınlar Şurası və Əsgər Anaları İctimai Birliyi tərəfindən təşkil olunub.
İyirmi dəqiqəyə yaxın davam edən aksiyada 20 qadın iştirak edib, islaminsesi.az saytı məlumat verir.
İştirakçılar “Terrora yox”, “Qarabağ və Qüds müsəlman torpaqlarıdır” şüarları yazılmış plakatlar qaldırıblar.
Onlar Trampın atdığı addımı pisləyib, Fələstin xalqı ilə həmrəylik ifadə ediblər.
Polis aksiyanın gedişatına müdaxilə etməyib. Səfirlik əməkdaşlarından heç kim aksiya iştirakçılarının qarşısına çıxmayıb.
Rəsmi Bakının Qüdsün İsrail dövlətinin paytaxtı kimi tanınması məsələsi ilə bağlı mövqeyini bir neçə gün əvvəl Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev səsləndirib. Onun sözlərinə görə, Azərbaycan məsələnin Şərqi Qüdsün Fələstinin paytaxtı olması ilə iki dövlət əsasında həll olunmasının tərəfdarıdır.
Azərbaycan Fələstin xalqının müstəqil dövlət yaratmaq haqqını tanıyır. Bakıda həm İsrail, həm də Fələstin səfirliyi fəaliyyət göstərir.