Bakı-Tbilisi-Qars dəmiryolu ətrafında müzakirə
İyunun 26-da Henrix Bell Fondunun Cənubi Qafqaz üzrə regional ofisində JAMnews media platformasının təşkilatçılığı ilə “Bakı-Tbilisi-Qars dəmiryolu – layihənin önəmi və Gürcüstan, Ermənistan, Azərbaycan üçün nəticələri” mövzusunda müzakirə baş tutub.
Qafqazdan keçən ipək və dəmir yol. Bakı-Tbilisi- Qars dəmir transmagistralı: Gürcüstan və Azərbaycan nə qazanacaq və nə itirəcək – və niyə Ermənistan iştirak etmir
Müzakirədə iştirak edən gürcüstanlı ekspert Paata Tsaqareişvilinin qeyd etdiyi kimi “Qars-Tbilisi-Bakı dəmiryolu layihəsi regionun geosiyasi vəziyyətini ideal şəkildə əks etdirir, çünki bu dəmiryolu layihəsiAvropa qitəsində yerləşir və özündə Asiya ilə dəmiryolu əlaqəsinin alternativ dəhlizini ehtiva edir”.
Eyni zamanda onun sözlərinə görə, layihə ancaq uzunmüddətli perspektivdə iqtisadi gəlirli ola bilər, çünki yaxın 2-3 il ərzində bu yolla yükdaşımanın həcmi 3-5 milyon tondan artıq olmayacaq.
Tsaqareişvili layihənin işə salınması nəticəsində Gürcüstanın Poti və Batumi limanlarının yük dövriyyəsinin azalacağını istisna etməyib. Limanlar bu itkiləri müştərək infrastruktur layihələri həyata keçirməklə kompensasiya edə bilər.
Azərbaycandan olan ekspert Toğrul Maşallı müzakirələr əsnasında bildirib ki, layihə hər şeydən öncə Azərbaycanın Türkiyə və Gürcüstanla əlaqələrinin möhkəmləndirilməsinə istiqamətlənib. Amma onun sözlərinə görə, iqtisadi nöqteyi-nəzərdən 2007-ci ildən etibarən reallıq dəyişib, Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə yük tranzitinin həcmi azalıb.
Maşallı onu da qeyd edib ki, Bakı-Tbilisi-Qars layihəsinin uğuruna Azərbaycan vasitəsilə İrandan Qara dəniz limanlarına yük tranzitinin inkişafı təkan verə bilər. Amma Azərbaycanın İrana sərf etməyən tarif siyasəti hazırda buna mane olur.
Ermənistandan olan ekspert Conni Melikyan müzakirədə çıxış edərək bildirib ki, bir neçə il əvvəl Ermənistan-Türkiyə danışıqları fəallaşan dövrdə artıq mövcud olan Qars-Gümri dəmiryolu xəttinin işə salınacağına ümid yarandı, amma bu, baş vermədi. Eyni zamanda Melikyan qeyd edib ki, onun üçün Bakı-Qars layihəsinin perspektivi aydın deyil. Əgər bu layihə inşaat başlayandan dərhal sonra reallaşdırılsaydı, layihə iştirakçılarına əhəmiyyətli dərəcədə iqtisadi gəlir gətirə bilərdi, amma bu gün situasiya dəyişib, – Melikyan bildirib
Müzakirədə JAMnews-un Axalkalakidəki müxbiri Aqunik Ayvazyan da iştirak edib. O, layihənin yerli əhali üçün nəticələri haqda danışıb. Onun sözlərinə görə, yerli sakinlər dəmiryolunun inşasında yaranacaq iş perspektivinə böyük ümidlər bağlayıblarmış, amma onların ümidi boşa çıxıb. Yerli administrasiya inşaatda işləmək istəyən təxminən 5 min nəfərdən ərizə qəbul edib, amma onlardan cəmi yüz nəfərə yaxını işlə təmin olunub.
Onun sözlərinə görə, yeni yolun keçdiyi torpaqların sahibi olan yerli sakinlərin heç də hamısı dövlətdən kompensasiya ala bilməyib. Yerli sakinlərinin çoxunun torpaq sahəsinin qeydiyyatı ilə bağlı problemi var, prosesi sona qədər təqib etməyə və ya məhkəməyə müraciət etməyə ya gürcü dilini bilməmələri, ya da pullarının olmaması mane olur.
Bakı-Tbilisi-Axalkalaki-Qars dəmiryolu xəttinin inşası 2007-ci ildə başlayıb. Layihə dəmiryolunun 160 kilometrlik Marabda-Axalkalaki hissəsinin rekonstruksiya və bərpasını, həmçinin 27 kilometrlik yeni Axalkalaki-Kartsaxi (Türkiyə sərhədi) hissəsinin və Türkiyə ərazisində 68 kilometrlik hissənin inşasını nəzərdə tutur.
İnşaatın sona çatdırılması bir neçə dəfə müxtəlif səbəblər üzündən təxirə salınıb. Hazırda tikinti işlərinin 2018-ci ildə yekunlaşacağı gözlənilir.