Bakı-Sumqayıt trasında həlak olan tələbələrin sayı altı nəfə çatdı
Paylaşmaq
Paylaşmaq
On yeddi yaşlı tələbə Lalə Nəsirzadə iki gün komada qalandan sonra martın 11-də reanimasiyada həyatını itirdi və bununla da Bakı-Sumqayıt trasında baş vermiş nəqliyyat qəzasının altıncı qurbanı oldu.
Martın 9-da Sumqayıt Dövlət Universitetinin tələbələrini daşıyan mikroavtobus qəzaya uğrayıb. İki nəfər qəza yerindəcə həlak olub, daha üç nəfər həmin gün xəstəxanada keçinib.
18 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, Azərbaycan DİN mətbuat xidmətinin məlumatında bildirilib.
Şahidlərin sözlərinə görə, mikroavtobus qanunsuz olaraq “sağdan ötmə” manevri edərkən mişar daşı yüklənmiş yükmaşinina çırpılıb. Avtobus sürücüsü şübhəli qismində həbs olunub. O, yol hərəkət qaydalarını pozmaqda və nəqliyyat vasitəsinin istismarı zamanı ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olmaqda ittiham edilir.
Avtobusda olan tələbələr danışıblar ki, saxlanılmış sürücü əvvəllər də yol hərəkət qaydalarını pozaraq qəza vəziyyətləri yaradıb. “Ötən il də az qala qəza edəcəkdi. Dəfələrlə cərimə olunub, xəbərdarlıq alıb. 17 nəfər üçün nəzərdə tutulan mikroavtobusda bəzən 35 nəfərəcən adam doldurur, hamı bir-birinin qucağında oturur, ya da ayaq üstə dayanır”, – BBC Azerbaijan tələbələrdən birinin sözlərini yayıb.
Araşdırmaçı jurnalist Xədicə İsmayıl Facebook səhifəsində problemin mümkün həll yolu olaraq universitetlərin tələbələr üçün avtobuslar ayırmasını təklif edib. O, həmçinin təklif edib ki, xarici tələbələr üçün kiçik kampuslar inşa edilsin və beynəlxalq qatarlardan istifadə edən tələbələr üçün güzəştli nəqliyyat biletləri tətbiq edilsin, o cümlədən də Bakı-Sumqayıt qatarını qrafiki tələbələrin gediş-gəliş qrafikinə uyğunlaşdırılsın.