Bakı sakinləri Kemerovodakı “Zimnyaya vişnya” ticarət-əyləncə mərkəzində baş verən yanğında çox sayda insanın həlak olması ilə bağlı hüznlərini ifadə etmək üçün Rusiyanın Azərbaycandakı səfirliyi önünə gül və oyuncaq qoyublar.
Rusiya səfirliyinin fasadı qarşısına gül dəstələri düzülüb. Yanğında həlak olanlar arasından 40-dan çox uşağın da olduğu üçün bəziləri oraya oyuncaq da gətirib.
Mərasimdə Azərbaycandakı rus icmasının nümayəndələri də iştirak edib.
Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.
Martın 25-də Rusiyanın Qərbi Sibir bölgəsində yerləşən Kemerovo şəhərindəki “Zimnyaya vişnya” ticarət mərkəzində baş verən yanğında azı 64 nəfər həlak olub. 13 nəfər hələ də xəstəxanadadır.
Qohumlarının bildirdiyinə görə, yanğında 41 uşaq həyatını itirib, Meduza saytı xəbər verir.
Faciə yerinə Rusiya prezidenti Vladimir Putin də gəlib. Rusiyada ümumxalq matəmi elan olunub.