Bakı-Pekin reysi təxirə salınıb. Bu, virusla bağlıdırmı?
Paylaşmaq
Paylaşmaq
Yanvarın 30-dan Bakıdan Pekinə birbaşa reyslər müvəqqəti olaraq dayandırılır. Uçuşlar martın 8-də bərpa olunacaq. Azərbaycanın AZAL aviaşirkəti bunu Çində davam edən bayram şənlikləri ilə əlaqədar biletlərə tələbatın azalması ilə izah edir.
AZAL-ın yaydığı məlumatda Çində 2019-nCoV koronavirusunun epidemiyası ilə bağlı heç nə qeyd olunmayıb. Amma az əvvəl Çinin “China Southern Airlines” şirkəti məhz bu səbəbdən Quançjou şəhərindən Bakıya aviareysləri təxirə salmışdı.
AZAL-ın məhz hansı bayramı nəzərdə tutduğu aydın deyil. Yanvarın 25-də Çində yeni il qeyd olunur, amma bayram şənlikləri təxirə salınıb. Tətil günləri isə bu dəfə təxminən fevralın ortalarına qədər davam edəcək – yenə də virus səbəbilə.
Bakı aeroportunda öskürən və ya digər simptomları olan insanları virusa yoluxma ilə bağlı müayinə edirlər.
2019-nCoV koronavirusu Çində artıq 80 nəfəri öldürüb və iki mindən çox insanı xəstələndirib.