Bakı məhkəməsi bir sıra internet-resursun birdəfəlik bloklanması haqda qərar çıxarıb
Paylaşmaq
Paylaşmaq
Mayın 12-də Bakının Səbail rayon məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin bir sıra müstəqil internet-resursun: azadliq.info (Azadlıq qəzeti), azadliq.org (Azadlıq Radiosu), azerbaycansaati.com, meydan.tv, Turan TV və “Azərbaycan saatı” verilişinin ölkə ərazisində bloklanması haqda iddiasını təmin edib.
Cavabdehləri təmsil edən vəkil Səməd Rəhimov qeyd edib ki, nazirliyin martın 27-dən etibarən saytları faktiki bloklaması Avropa İnsan Haqları Konvensiyasına, Türkiyədə saytların bloklanması haqda Strasburq Məhkəməsinin çıxardığı qərara, həmçinin Avropa Şurası Nazirlər Kabinetinin saytların bloklanmasını qadağan edən, məhdudiyyətin yalnız konkret informasiyaya qoyula biləcəyini diktə edən 2016-cı il bəyannaməsinə ziddir.
Rəhimov bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin narazılığına səbəb olan materiallarda “cəmiyyətin və dövlətin qanuni maraqlarını” pozan heç bir şey yoxdur. Bu materiallarda dini radikalizmə və ya digər hüquqa zidd əməllərə çağırış əks olunmur.
Bununla belə, Elektron Təhlükəsizlik Mərkəzinin nümayəndəsi Bəxtiyar Məmmədov iddianın təmin olunmasında israr edib.
Daha sonra hakim “Azadlıq Radiosu”nun vəkili Adil İsmayılova çıxış üçün hazırlaşmağa zaman verib, ən sonda isə saytların bloklanması haqda qərar çıxarıb.
“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli bildirib ki, resurs öz fəaliyyətini davam etdirəcək, – “Turan” İnformasiya Agentliyi xəbər verir.
Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli bu qərarı şərh edərək bildirib: “Bu, birmənalı olaraq yanlış yönə doğru addımdır və Azərbaycanda internet azadlığının birdəfəlik boğulmasına gətirib çıxaracaq. Məhkəmə göstərdi ki, ədaləti deyil, siyasi sifarişləri əldə rəhbər tutur”, – Məmmədli “Azadlıq Radiosu”na müsahibəsində bildirib.
Bloklanmış saytlardan birinin – meydan.tv-nin direktoru Emin Milli hesab edir ki, bu qərar hakimiyyətin oxucuları öz ünvanına tənqidi materiallardan təcrid etmək istəyilə bağlıdır. “Amma oxucular artıq müxtəlif anonimayzerlərdən və VPN proqramlardan istifadə etməyi öyrənib və onsuz da hamı yenə bizim saytlarımızı oxumağa davam edəcək”, – Milli “Azadlıq Radiosu”na bikdirib.