Bakı məhkəməsi Gürcüstanda yoxa çıxan jurnalist Əfqan Muxtarlı haqda 3 ay həbs qərarı verib
Paylaşmaq
Paylaşmaq
Mayın 31-də Bakının Səbail rayon məhkəməsi iki gün əvvəl Tbilisidə yoxa çıxan azərbaycanlı jurnalist Əfqan Muxtarlı haqqında 3 ay müddətinə həbs qərarı çıxarıb. Muxtarlı son üç ildir ki, Gürcüstanda yaşayırdı və son zamanlar Azərbaycan hakimiyyətinin ona qarşı təzyiqlərinin artdığını bildirirdi.
Məhkəmədə Əfqan Muxtarlının hüquqlarını müdafiə edən Elçin Sadıqov Turan informasiya agentliyinə bildirib ki, jurnalistə qarşı sərhədçiyə xəsarət yetirərək müqavimət göstərməklə bağlı yeni ittiham irəli sürülüb.
Muxtarlı bildirib ki, sərhəd zastavasına gətirilənə qədər bu sərhədçini görməyib. Muxtarlı bildirir ki, onu həm Gürcüstan, həm Azərbaycan sərhəd keçid məntəqəsindən keçiriblər.
Daha əvvəl Azərbaycan Baş Prokurorluğu xəbər vermişdi ki, Muxtarlıya qarşı sərhədi qanunsuz keçmək və qeyri-leqal yolla valyuta (10 min avro) keçirməyə cəhdlə bağlı ittiham irəli sürülə bilər.
Vəkilin sözlərinə görə, Muxtarlı onu saxlayan şəxslərin üzərində Gürcüstan kriminal polis əməkdaşlarının forması olub.
Vəkil həbs qərarından şikayət veriləcəyini bildirib.