Bakı çimərliklərinə “plastik dolu” düşüb? Eko-aktivistlər həyəcan təbili çalır
Bakı çimərliklərində “plastik dolu”
Bakının iki çimərliyində çoxlu plastik qranullar tapılıb, onların ora necə düşdüyü məlum deyil. Bu barədə ilk olaraq Ecofront ekoloji hərəkatının fəalları məlumat veriblər. Ekologiya Nazirliyi yoxlama apardığını bildirib. Ekspertin fikrincə, qranulları Azərbaycana digər Xəzəryanı ölkələrdən sualtı axın gətirə bilər.
- Azərbaycanda növbəti ov qalmaqalı: brakonyerlərin bələdçisi nazirliyin əməkdaşıdır?
- “Bizi buna məcbur etdilər” – Gürcüstanın mədən rayonu Çiaturada etiraz iştirakçıları ağızlarını tikiblər
- Ermənistanda böyük şirinsulu Sevan gölü yenə çiçəkləyib
Nə baş verib?
Fatmayı və Görədil sahillərində böyük həcmdə plastik toplar aşkarlanıb. Qəribə hal haqda ilk olaraq “Ecofront” ekoloji hərəkatının fəalları məlumat veriblər.
“Belə mikro plastiklər su hövzələrindəki canlılar və quşlar üçün çox təhlükəlidir. Bu səbəbdən tez bir zamanda həmin plastiklər dəniz sahilindən təmizlənməli və mənbəyi tapılıb aradan qaldırılmalıdır”, – “Ecofront”un Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, həmçinin Daxili İşlər Nazirliyinə müraciətində belə deyilir.
Mütəxəssislərin fikrincə, plastik qranullar neftin ilkin emalından əldə edilən məhsuludur və plastik məmulatların istehsalında istifadə olunur.
Ekspert rəyi
Çox güman ki, plastik qranullar yük gəmisində baş verən qəza nəticəsində dənizə səpələnib – ekologiya üzrə ekspert Rövşən Abbasov belə hesab edir.
“Qəzanın harada baş verdiyi hələ məlum deyil: qranullar sualtı axınla Xəzəryanı ölkələrdən birinin akvatoriyasından Azərbaycana gəlmiş ola bilər”, – deyə o əlavə edib.
Eyni zamanda, ekoloq suyun əhali tərəfindən çirklənməsi versiyasını istisna edir, çünki yerli sakinlərin plastik qırıntılara çıxışı yoxdur.
“Suyun və sahilin plastiklə çirklənməsinin nəticəsi yaxın gələcəkdə görünə bilər – polimer yeyən balıq və quşlar ölməyə başlayacaq”, – deyə Abbasov xəbərdarlıq edib.
Azərbaycanın Ekologiya Nazirliyindən bildirilib ki, ekoloji fəlakətin səbəbləri araşdırılır.
Şərhlər
Bakı çimərliklərində “plastik dolu” haqda xəbər sosial şəbəkələrin Azərbaycan seqmentində ajiotaj yaradıb. Bir neçə xarakterik şərhi təqdim edirik:
“Müvafiq orqanlar vəziyyətin bir az da pisləşməsini və ciblərinə pul qoya biləcəkləri tədbirlərin görülməsi haqda qərarın verməsini gözləyirlər”.
“Heç kim tədbir görülməsə, dostlarımı ərazini öz gücümüzlə təmizləməyə çağırıram”.
“İnanmıram ki, dövlət qurumlarında baş verənlər barədə məlumat yoxdur. Əgər xəbərləri yoxdursa, deməli, öhdəliklərini yerinə yetirmirlər”.
Bələdiyyələr problemi həll edir
Bakının Binəqədi rayon bələdiyyəsi plastiklə çirklənmiş sahilin təmizlənməsini öz üzərinə götürüb.
“Polimer qranullar sahil xətti boyünca təxminən bir kilometrlik ərazidə səpələnib”, – Ekoloji Təhlükəsizlik üzrə Dövlət Xidmətinin nümayəndəsi Vaqif Cavadov bildirib.
“Bunları sahilə dalğalar gətirib. Plastik daşındığı zaman yük gəmisindən dənizə səpələnmiş və dalğalarla sahilə gətirilmiş ola bilər”, – deyə o qeyd edib.
Eyni zamanda, Azərbaycanın polietilen materialları istehsalı müəssisələrinin sahilə baxış keçirən mütəxəssisləri bu polimerlərin onlara aid olmadığını bildiriblər.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube