Azərbaycanlı müxalifətçi seçki saxtakarlığına qarşı aclıq elan edib
Müxalif “Müsavat” partiyasının üzvü Elman Quliyev fevralın 27-də aclıq elan edib. O, Azərbaycanda parlament seçkilərinin nəticələrinin ləğv olunmasını tələb edir.
Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da baş tutub. Bu seçkilərdə növbəti dəfə Yeni Azərbaycan iqtidar partiyası qalib elan olunub. Müstəqil yerli müşahidəçilərin əksəriyyətinin və beynəlxalq təşkilatların rəyincə, seçki qeyri-demokratik və çox sayda pozuntularla keçib. Müstəqil namizədlər və müxalif partiyalar artıq bir neçə etiraz aksiyası keçirərək seçki nəticələrinin ləğv olunmasını tələb ediblər, amma bu aksiyalar polis tərəfindən dağıdılıb.
• Azərbaycanda parlament seçkiləri haqda hər şey bir dəqiqəlik videoda
• Mehman Hüseynovun aclıq aksiyası: niyə başlatdı, niyə bitirdi və sonra nə baş verdi?
“Müsavat” partiyasının Gənclər Təşkilatının sədri Elman Quliyev də deputatlığa namizədliyini irəli sürmüşdü. Onun dairəsindən iqtidar partiyasının namizədi Səbinə Xasıyeva qalib gəlib.
Müxalifətçi etiraz aksiyasını “Müsavat” partiyasının qərargahında keçirir.
“Mənim aclıq eləməklə seçki nəticələrinin ləğv olunmasına nail olmaqdan başqa çarəm qalmayıb. Bizim şikayətlərimizə formal olaraq baxılıb, bizim dinc etiraz aksiyalarımızı polis dağıdıb. Bizi, deputatlığa namizədləri qanunsuz olaraq saxlayıblar. Aclıq saxtakarlığa etiraz bildirmək üçün sonuncu cəhddir”, – “Kavkazskiy uzel” Quliyevdən sitat gətirib.
“Müsavat” üzvləri əvvəllər də hakimiyyətin bu və ya digər qərarı və ya addımı ilə bağlı aclıq elan ediblər, amma bir qayda olaraq səhhətlərinin pisləşməsi səbəbilə aksiyanı dayandırıblar.