Azərbaycanlı ekspertin sensasiyalı müsahibəsi: “Müharibə təhlükəsi var”
“İran və Rusiyanın məqsədi Türkiyəni ən azı iki coğrafiyadan sıxışdırıb çıxarmaqdır. Bunun biri Suriyadır, digəri isə Azərbaycandır”, – azərbaycanlı politoloq və təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu sensasiyalı müsahibəsində bildirib. Onun fikrincə, Tehran görüşü zamanı İran və Rusiya məqbul nəticələrə nail ola bilməyiblər. “Faktiki olaraq bu, diplomatik səylərin tükənməsi deməkdir”, – deyə ekspert vurğulayıb. “Müharibə təhlükə var”, – deyə o əlavə edib.
- Sülhməramlılar Laçın dəhlizini tərk edir. Azərbaycan onların qanunsuz əməlləri haqda bildirir
- “Azərbaycan Rusiyanın işğalçı siyasətini dəstəkləmir” – Bakıdan şərh
- “Əliyev düz deyirdi?” Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması haqda
“Rusiya diversiya qrupları formalaşdırır”
Azərbaycanlı politoloq və təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu “Turan” agentliyinə sensasiyalı müsahibə verib və Rusiyanın Azərbaycanda stabilliyi pozmaq üçün diversiya qrupları hazırladığı haqda ona məlum olan informasiyanı bölüşüb.
“Qonşu ölkələrdə Azərbaycana qarşı diversant qruplar yaradılıb və bu sadəcə hansısa bir qeyri-ciddi məlumata söykənən bəyanat deyil. Bu barədə mənim çox ciddi və çox əsaslı məlumatım var. Hətta bu işlərlə kimlərin məşğul olduğu, hansı keçmiş azərbaycanlı yüksək vəzifəli hərbçilərin Rusiyada azərbaycanlıları diaspor fəaliyyəti adı altında əməkdaşlığa cəlb edərək müəyyən təlimlər keçməsi haqda məlumatlarım var”, – Oruclu deyib.
Oruclunun sözlərinə görə, onda Rusiyada yaşayan azərbaycanlılar arasından kimlərin İrana keçməsi, Tehranda, Təbrizdə, Qumda oturaraq Rusiyada yaşayan azərbaycanlı gəncləri təhsil adı ilə İrana aparması və xüsusi təlimlərə cəlb etməsi haqda çoxsaylı faktlar və kifayət qədər etibarlı məlumatlar var.
“Vaxtilə Qazaxıstanda olduğu kimi”
Ərəstun Oruclu qeyd edib ki, diversiya qruplarının məqsədi hər zaman ölkədə stabilliyi pozmaq olub:
“Hansısa ictimai-siyasi prosesləri onların xidmət etdiyi dövlətlərin və ya orqanların məqsədinə və arzusuna uyğun istiqamətə yönəltməkdir. Və eyni zamanda cəmiyyətdə qarşıdurmalar yaratmaq, pozuculuq aktları həyata keçirməkdir. Təxminən vaxtilə, Qazaxıstanda olduğu kimi.
Bu ilin yanvar ayında Qazaxıstanda məhz həmin ssenaridən istifadə olunmuşdu. Sosial tələblər fonunda birdən iğtişaşlar yaradan qruplar peyda oldu və həmin qruplar heç də təsadüfən peyda olmadı. Son nəticədə onlar elə bir vəziyyət yaratdılar ki, Qazaxıstan hökuməti Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edərək, ölkədə sabitliyi və hakimiyyəti qorumaq üçün onlardan qoşun yeritməyi xahiş etməyə məcbur oldu.
Bunun arxasında dayanan niyyətləri və planları ancaq ehtimal etmək olar. Mənsə ehtimalla danışmaq istəmirəm. Amma Rusiyanın və KTMT-nin buna operativ reaksiya verməsi göstərirdi ki, əslində bu vəziyyətə əvvəlcədən hazırlıq olub. Yəni əvvəlcədən gözlənilən olub. Azərbaycanda da bunlar eyni şeyi edə bilərlər. Yəni Azərbaycanda həmin o Qazaxıstan ssenarisi istisna deyil”.
“Azərbaycan hakimiyyətinin bundan xəbəri var”
Ekspert Azərbaycan hakimiyyətinin baş verənlərdən xəbərdar olduğuna və rəsmi Bakının öz metodları ilə təhlükəni aradan qaldırmağa çalışdığına şübhə etmir.
“Ən azından davranış göstərir ki, belə məlumatlar Azərbaycan hakimiyyətində də var. Atılan adekvat addımlar, pereventiv, profilaktik tədbirlər nə dərəcədə effektivdir, bu artıq başqa bir mövzunun predmetidir.
Məsələn, quru sərhədlərinin bağlı saxlanmasının COVİD-in artma təhlükəsi ilə izah olunması qeyri-ciddi əsaslandırmadır. Əslində elə məqsəd məhz bu cür diversant qruplarının ölkəyə daxil olmasının qarşısını almaqdır. Amma bu ona görə effektiv deyil ki, quru sərhədlərinin bağlı saxlanması ona gətirib çıxarır ki, ölkənin daxilində gərginlik artır”, – deyə Oruclu bildirib.
“Müharibə təhlükəsi var”
Politoloq qeyd edib ki, regionda müharibə təklükəsi var.
“Xüsusilə Tehran görüşündən sonra məlum oldu ki, bir tərəfdən İran və Rusiya, digər tərəfdən Türkiyə heç bir anlaşma əldə edə bilmədilər. Çünki İran və Rusiyanın məqsədi Türkiyəni ən azı iki coğrafiyadan sıxışdırıb çıxarmaqdır. Bunun biri Suriyadır, digəri isə Azərbaycandır. Bu da alınmadı. Bu faktiki olaraq diplomatik səylərin tükənməsi deməkdir.
Biz gördük ki, Tehran görüşünün ardınca və ya həmin ərəfədə Rusiya xarici kəşfiyyat idarəsinin rəhbəri Sergey Narışkinin Ermənistana və Azərbaycana səfəri oldu. Onun Azərbaycan səfəri yumşaq desək, çox qəribə keçdi. Hökumətə yaxın media demək olar ki, bu səfəri işıqlandırmadı. Baxmayaraq ki, o mətbuat konfransı keçirmişdi. Yalnız hansısa saytlarda və Rusiyaya bağlı informasiya resurslarında bu barədə məlumat verildi.
Siyasətdə belədir ki əvvəlcə diplomatlar, sonra siyasətçilər, daha sonra isə kəşfiyyatçılar işləyir, ardınca isə ordu gəlib prosesə qatılır. Mənim gördüyüm budur ki, artıq ilk üç resursun imkanları tükənib”.
Oruclu bildirir ki, vəziyyət hərbi qarşıdurmaya doğru inkişaf edir:
“Belə bir təhlükə var, amma bu, hökmən müharibənin olacağı anlamına gəlmir. Azərbaycan tək deyil. Türkiyə ilə Azərbaycanın hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi var. Şuşa bəyannaməsi çox əhatəli bir sənəddir. Ratifikasiya olunub və hüquqi qüvvəyə malikdir. Hər bir halda ehtiyatın əldən verilməməsi vacibdir. Hər bir situasiyaya hazır olmaq lazımdır”.
“Azərbaycanda istənilən hadisə ola bilər”
Geniş müsahibəsinin sonunda təhlükəsizlik üzrə ekspert vurğulayıb ki, Azərbaycanda istənilən hadisə ola bilər.
“İstər daxili sabitliyin pozulması, istər bu məqsədlə hansısa pozucu əməllərin (məsələn, hansısa siyasilərə, jurnalistlərə, tanınmış ictimai-siyasi xadimlərə sui-qəsdlərdən tutmuş, sosial tələblərlə başlayan, sonradan iğtişaşlara çevrilən proseslər) baş verməsi mümkündür. Qarabağ cəbhəsində aktivləşmə mümkündür”, – deyə o bildirib.
Sonda Ərəstun Oruclu kədərli ssenarilərdən qaçmağın yolunu da göstərib.
“Bundan qaçmağın yeganə yolu ilk olaraq ölkənin daxilində ictimai-siyasi vəziyyəti sabitləşdirməkdir. Amma bunu həbslər və repressiyalarla deyil, vətəndaş anlaşmasına nail olmaqla həyata keçirmək mümkündür. Hələlik hakimiyyət tərəfindən belə təşəbbüslər görünmür. Heç müxalifətdən də görünmür. Ona görə ki, hakimiyyətin öz yanaşması var, hətta öz müxalifəti var. Bu səmərəsiz məsələdir. Burda təşəbbüsü hakimiyyət irəli sürməlidir, amma dediyim kimi bu görünmür. Bu da çox təəssüf ki, riskləri artırır”, – deyə politoloq əlavə edib.