Azərbaycanlı dindar fəal Türkiyədən ekstradisiya edilib
“Müsəlman birliyi” hərəkatının fəalı Anar Cabbarov ötən həftə Türkiyədə saxlanılıb. İndi o, polisdədir, amma ona qarşı ittiham irəli sürülüb-sürülmədiyi hələ bəlli deyil. Hüquq müdafiəçiləri dindar fəalın ekstradisiyasının qanuna zidd və siyasi təqiblə bağlı olduğu qənaətindədirlər.
2015-ci ildə “Müsəlman birliyi” ekstremizmdə ittiham olunub, hərəkatın bir çox üzvləri azadlıqdan məhrum edilib.
• Azərbaycanda müsəlman qadınlar diskriminasiyadan şikayətlənir
• Rusiya milli azlıqların hüquqlarını müdafiə edən şəxsi Azərbaycana təhvil verib
Anar Cabbarovu İstanbulda sənədlərində problem olduğu bəhanəsilə saxlayıb, bir neçə gündən sonra Azərbaycanın Türkiyədəki Baş Konsulluğuna təhvil veriblər. Bu haqda “Kavkazskiy uzel” anonim mənbəyə istinadən məlumat verib.
Sayt yazır ki, martın 22-də Cabbarov tanışları ilə əlaqə saxlayıb və bildirib ki, onu Bakıya gətiriblər. Daha sonra onlar aydınlaşdırıblar ki, Cabbarov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində saxlanılır.
Azərbaycanda hazırda bayram tətili olduğu üçün Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.
Anar Cabbarov Azərbaycandan 2015-ci ildə, “Müsəlman birliyi” fəallarının kütləvi həbsindən sonra gedib. O, əvvəlcə Rusiyada, daha sonra isə Türkiyədə yaşayıb.
“Müsəlman birliyi” üzvləri niyə həbs olunub?
2015-ci ilin noyabrında Bakı yaxınlığındakı dindarlığı ilə seçilən Nardaran qəsəbəsində güc strukturları “Müsəlman birliyi” üzvlərinin həbs olunması üçün xüsusi əməliyyat keçirib. Bu zaman atışma zamanı ikisi polis olmaqla altı nəfər həlak olub. Rəsmi məlumata görə, polis bu yolla Azərbaycanda konstitusiya quruluşunu devirməyə çalışan ekstremistləri zərərsizləşdirib.
“Müsəlman birliyi” hərəkatının lideri və onlarla üzvü qəsdən adamöldürmə, iğtişaşların təşkili və ekstremizmdə ittiham olunaraq uzunmüddətli həbslərə məhkum ediliblər. Təqsirləndirilənlər ittihamları rədd ediblər və işgəncəyə məruz qaldıqlarını bildiriblər. Azərbaycanın hüquq müdafiəçiləri onları siyasi məhkum hesab edir.
Hüquq müdafiəçiləri nə deyir?
Hüquq müdafiəçilərinin fikrincə, Anar Cabbarovla bağlı məsələdə ekstradisiya proseduru pozulub, çünki məəhkəmə qərarı olmayıb və ittiham olunan şəxs vəkillətəmin edilməyib. Siyasi Məhbusların Müdafiəsi Mərkəzinin koordinatoru Oqtay Gülalıyevin sözlərinə görə, bu, ilk belə hal deyil.
2014-cü ildə Türkiyə jurnalist Rauf Mirqədirovu da beləcə Azərbaycana təhvil vermişdi, Azərbaycan isə öz növbəsində hərbi çevrilişdə ittiham olunan bir neçə Türkiyə vətəndaşını bu ölkəyə təhvil vermişdi.
Gülalıyev hesab edir ki, Cabbarovun saxlanılması Nardaran hadisələri ilə bağlı ola bilər.
Azərbaycan Siyasi Məhbusların Azadlığı Naminə İttifaqın əlaqələndiricisi Elşən Həsənov da Türkiyənin beynəlxalq ekstradisiya normalarını pozduğu ilə razıdır. Bundan başqa, o, xatırladır ki, əgər şəxsi vətənində ədalətsiz mühakimə və ya işgəncə təhlükəsi gözləyərsə onun ekstradisiyası qadağandır.
“Bu halda isə, bu çox gözləniləndir, çünki “Müsəlman birliyinin” onlarla fəalı həbsdən sonra işgəncəyə məruz qalıb”, – Həsənov deyib.