“Zaman göstərir ki, Avropa hələ də Azərbaycan həqiqətlərini dərk etmir”. Bakıdan şərh
Azərbaycanla AŞPA arasında münasibətlər
Avropa Şurası Parlament Assambleyası ilə rəsmi Bakı arasında münasibətlər pisləşməkdə davam edir. Assambleyanın bəzi deputatlarının bəyanatları və Azərbaycan Xarici İşlər Nazirliyinin cavabları bir-birinin ardınca gəlir.
- Yaxın Şərq dalanı. Bakıdan baxış
- Keçmiş deputat 8 il müddətinə azadlıqdan məhrum edilib
- COP-29 ərəfəsində Bakıda yeni velosiped zolaqları və dayanacaqları
Siyasi icmalçı Hacı Namazov JAMnews-un Azərbaycan redaksiyasına Azərbaycan nümayəndə heyətinin AŞPA-dan getməsinə və 76 avropalı deputatın Azərbaycanda persona non-qrata elan edilməsinə səbəb olan bu sözlü münaqişə tərəflərinin mövqelərini yaxınlaşdırmağın yolları haqda danışıb.
“Avropa Şurası Parlament Assambleyasında verilən son bəyanatlar bir daha onu göstərir ki, Avropa hələ də Azərbaycan həqiqətlərini dərk etmir və hətta problemin dərinliklərinə varmağa belə cəhd göstərmir.
Almaniyalı deputat Şvabe və digərləri cızılmış val kimi eyni şeyi təkrarlayırlar ki, bu da Bakı ilə Avropa strukturları arasında yaxınlaşma prosesinə heç bir şəkildə kömək etmir.
Başa düşmək lazımdır ki, Azərbaycan özünü təmin edən dövlətdir və ümumilikdə Avropaya ehtiyacı yoxdur. Bəli, Avropa ölkələri bu Qafqaz ölkəsindən enerji resurslarının ən çox alıcısıdır, lakin onların başqa çıxış yolu da yoxdur.
Rusiyaya qarşı misli görünməmiş sanksiyalardan sonra Avropa enerji təhlükəsizliyi məsələsini həll edə bilmədi və bu məsələdə ona köməyə gələn Azərbaycan oldu. Bakı neft və qazdan əlavə, Gürcüstanla birlikdə elektrik enerjisi ixrac etməyi planlaşdırır. Başqa sözlə, Cənubi Qafqaz “yaşıl enerji”nin çatdırılmasına görə də Avropa ölkələrinin marağındadır.
Azərbaycana gəlincə, ona görə ki, Avropa “olsa da olar, olmasa da olar” qədər lazımdır. Üstəlik göründüyü kimi, prinsipial məsələlərdə Bakı ilə şantaj üsulu işləmir.
Mən artıq dəfələrlə qeyd etmişəm ki, AŞPA Azərbaycana qarşı ədalətsiz davranır. Assambleyada antiazərbaycan əhval-ruhiyyəsinin yüksəlişi məhz ölkəmizin öz ərazi bütövlüyünü bərpa etdiyi, Ermənistanın silahlı qüvvələrini öz torpaqlarından çıxardığı vaxta təsadüf edib.
Yeri gəlmişkən, silahlı qüvvələri qonşu ölkənin ərazisində yerləşən Ermənistana qarşı sanksiyaların tətbiqi ilə bağlı bir çağırış da eşitməmişik.
Avropalı deputatların Azərbaycanda siyasi məhbusların olması ilə bağlı arqumentləri də tənqidə tab gətirmir, çünki bu, onların ritorikasında sadəcə “köməkçi alətdir”. Çünki əvvəllər də siyasi məhbuslar var idi, amma nədənsə AŞPA onları yalnız Bakı Qarabağda və Azərbaycanın bu regionu əhatə edən rayonlarında yüzlərlə dinc sakinin qatilinə çevrilmiş hərbi cinayətkarları həbs edəndən sonra xatırladı.
Yeri gəlmişkən, saxlanılan terrorçuların özləri də qırğınlarda iştiraklarını inkar etmirlər. Faktlardan qaçmaq olmaz.
Avropalı parlamentarilərin separatçıların adlarını həbs olunan jurnalistlər və digər siyasi məhbuslarla eyni sırada çəkməsi olduqca əlamətdardır.
Bəli, prezident Əliyev şəxsən İtaliyada AŞPA-nın yetmişdən çox deputatının Azərbaycanda persona non-qrata elan olunduğunu bildirdi. Onlar rəsmi Bakının bu qərarından hiddətləniblər. Sual olunur ki, onlar niyə Azərbaycana səfər etməlidirlər?
Avropa Parlamentinin deputatları ağıllı insanlardır və həyatda bəzi şeyləri başa düşürlər. Amma onlar həm də anlamalıdırlar ki, nəyəsə görə bütöv bir ölkəni ittiham etməzdən əvvəl, onu dinləyib, problemin dərinliyinə varıb, vəziyyəti öyrənmək lazımdır.
AŞPA Bakı ilə dialoqdan imtina edərək Azərbaycanla münasibətləri gərginləşdirməyə davam etdikcə, bu Cənubi Qafqaz ölkəsini bir o qədər özündən uzaqlaşdıracaq. Dialoqa çağıran Serbiya və Türkiyədən olan deputatların fikirlərini dinləməyə dəyər. Əks halda avropalı parlamentarilər öz danışdıqlarını özləri dinləməli olacaqlar, çünki Bakıda artıq heç kim üçün maraqlı olmayacaq”.