Azərbaycanın yeni təhsil naziri çox fəal və “sözə baxmayan” keçmişi ilə seçilir
İlham Əliyev sərəncamına əsasən Emin Əmrullayev təhsil naziri təyin edilib.
Yeni təhsil naziri Emin Əmrullayev bakalavr təhsilini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, magistr təhsilini isə ABŞ-ın Kolumbiya Universitetində “Dövlət idarəçiliyi” ixtisası üzrə alıb. Bir müddət Avropada çalışan Emin Əmrullayev ölkəyə qayıdaraq, 4 il Qafqaz Universitetində (indiki Mühəndislik Universitetində) müəllimlik edib.
E.Əmrullayev təhsil naziri təyin edilməzdən əvvəl Təhsil Nazirliyin təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru vəzifələrində çalışıb.
Emin Əmrullayevin həm də ictimai fəal gənc olduğu bildirilir, o, öz “Twitter” hesabında vaxtilə tənqidi yazılar da paylaşıb. Sosial şəbəkədə yayılan 2012-ci ildə yazdığı “Lazımın Quba səfəri” də bunlardan biridir.
Prezidentin bu təyinatını ictimai fəallar arasında həm mənfi həm də müsbət qiymətləndirilib.
İctimai fəal Bəxtiyar Hacıyev yeni nazirin uğurlu seçim olduğunu qeyd edib:
“Yeni Təhsil naziri Emin Əmrullayevin uğurlu seçim olduğunu düşünürəm. Emin bəy gənclər sektorundan çıxıb, təhsil sahəsində yaxşı təcrübəsi var və analitik bacarığı, ölkəyə sevgisi mübahisəsizdir. Təbrik edirəm, uğurlar arzulayıram.”
Jurnalist Xədicə İsmayıl da yeni təyinata sevindiyini bildirib:“Yeni təhsil naziri seçiminə xoş mənada təəccüblənmişəm. Peşman etməz, umuram”.
Politoloq Altay Göyüşov isə bildirib ki, sistemin eyni olması kadrların yenilik gətirməsinə mane olur:
Mənim qəti qənaətimcə, hətta Altay Göyüşov da təhsil naziri olsa, sistemin təhsilə münasibətini dəyişdirə bilməz. Sistem onun adicə müəllimliyinə dözmədi. Amma sistem görsə ki, Altayı özünə oxşatmaq, öz məqsədlərinə qulluq etdirmək potensialı var, bu yola sala bilər, onda deputat də edər, nazir də, rektor da.”
Azərbaycanın daha öncəki Təhsil Naziri hazırki Xarici İşlər Naziri Ceyhun bayramov olub. O, 2 il Təhsil Naziri vəzifəsində çalışıb.