Azərbaycanın Vergilər Nazirliyi “Turan” agentliyinə qarşı vergi sanksiyalarını bərpa edib
Paylaşmaq
Paylaşmaq
Azərbaycanın Vergilər Nazirliyi ilk müstəqil informasiya agentliyi olan “Turan”a qarşı cəmi bir həftə öncə ləğv etdiyi vergi sanksiyalarını bərpa edib.
Sentyabrın 18-də “Turan” agentliyinin elektron ünvanına Vergilər Nazirliyindən 15 sentyabr tarixli məktub daxil olub. Orada bildirilib ki, agentliyin 37 min manat (22 min dollara yaxın) həcmində vergi borcu var.
Bundan altı gün əvvəl, sentyabrın 12-də nazirliyin həmin departamentindən “Turan”ın ünvanına gələn məktubda isə deyilirdi ki, agentliyin heç bir vergi borcu və ya hər hansı cərimə sanksiyası yoxdur. Maraqlıdır ki, bütün məktublar eyni məmur – lokal gəlirlər departamentinin direktor müavini Elman Bəşirov tərəfindən imzalanıb.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev vergi orqanlarının qərarını “siyasi sifariş” adlandırıb.
“Hər şey gün kimi aydındır. Bu, siyasi təzyiqin nəticəsidir. Bizi fəaliyyətimizə görə cəzalandırırlar”, – Mehman Əliyev MeydanTV-ə müsahibəsində bildirib.
“Bu nazirlikdə bu günlərdə nə baş verib və eyni qurumun heç bir əsas gətirmədən mövqeyini 180 dərəcə dəyişməsini necə izah edəcəyimizi biz bilmirik”, – “Turan” agentliyinin bəyanatında deyilir.
Sosial şəbəkə istifadəçiləri hakimiyyətin mövqeyində baş verən bu köklü dəyişikliyi bir neçə versiya ilə izah edirlər. Əsas versiya Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-da soyuq qarşılanması ilə bağlı hakimiyyətin narazılığından ibarətdir.
Azərbaycan prezidenti bu günlərdə ABŞ-da səfərdədir və BMT Baş Assambleyasının 72-ci sessiyasının işində iştirak edir. Səfər gedişatında o, Tramp administrasiyasının rəsmi nümayəndələrindən heç kimlə görüşməyib.
“Əliyev ABŞ-a səfəri ərəfəsində bir neçə “xoşməramlı jest” etmişdi, bununla da Qərbin yumşaq münasibətinə ümid bəsləyirdi. Amma nəinki Tramp, hətta dövlət katibi də onu qəbula layiq görmədi. Ola bilər ki, prezident administrasiyası belə soyuq qarşılanmaya görə məyus olub və “xoşməramlı jesti” geri götürmək qərarına gəlib”, – sosial şəbəkə istifadəçisi yazır.