Azərbaycanın İrandakı səfirliyinə hücum. Terror aktının arxasında kim dayanır? VİDEO
Azərbaycanın İrandakı səfirliyinə hücum
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edilib. Hücum dəf edilərkən Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, daha iki nəfər yaralanıb.
“Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – Azərbaycan XİN-in hadisədən dərhal sonra yaydığı bəyanatda deyilir.
- Beynəlxalq məhkəmədə Azərbaycan Ermənistana qarşı: iş presedent yarada bilər
- Azərbaycan Laçın yolu ilə bağlı mövqeyinə görə BMT fonduna etiraz edib
- Qərb, ya Rusiya? Cənubi Qafqazda nəyi və niyə seçirlər?
Hadisədən dərhal sonra İran mediası hücum edənin erməni millətindən olan yerli sakin olduğunu yazıb. Lakin bir müddət sonra bu versiya Tehran polisinin rəhbəri tərəfindən təkzib edilib. Onun sözlərinə görə, hadisə məişət zəminində baş verib və hücum edən Yasin Hüseynzadənin şəxsi motivləri olub.
Bu gün günorta saatlarında Tehran polisinin rəisi Hüseyn Rəhimi tutduğu vəzifədən azad edilib.
Azərbaycanda bu haqda nə danışırlar?
Caliber.az hökumətyönlü xəbər saytı yazır ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktının arxasında İran xüsusi xidmət orqanları dayanır.
“Birincisi, İran tərəfi öz izlərini ört-basdır etməyə və diqqəti yayındıran informasiya hay-küyü yaratmağa çalışaraq, guya “erməni izi” ilə bağlı fikirlər səsləndirir, bu, açıq-aşkar yalan və Azərbaycan ictimaiyyətini çaşdırmaq cəhdidir.
İran təbliğatının əsas götürdüyü növbəti versiya: guya iranlı Yasin Hüseynzadə nədənsə səfirliyin ərazisində saxlanılan “arvadını azad etmək üçün” iki uşağı ilə gəlib. Bu da uydurmadır və İran xüsusi xidmət orqanlarının planlaşdırdığı terror aktını “məişət hadisəsi” kimi təqdim etmək üçün ucuz cəhddir.
Üstəlik, Tehranın polis rəisi cinayətkarın İran polisi tərəfindən saxlanılması barədə yalan danışır.
İran xüsusi xidmət orqanlarının terror aktının məqsədi istisnasız olaraq həmin vaxt binada olan Azərbaycan səfirliyinin bütün əməkdaşlarının güllələnməsi olub”, – deyə nəşr yazır.
İran səfiri XİN-ə çağırılıb
İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumu ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüşdə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu və “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.
Bu xüsusda, İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qətiyyətlə tələb olunub.
Görüşdə habelə, son zamanlar İranda ölkəmiz əleyhinə planlı şəkildə anti-Azərbaycan kampaniyasının aparılmasından təəssüf hissi keçirildiyi, baş verənlərin onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirdiyi diqqətə çatdırılıb”, – Azərbaycan XİN-in rəsmi məlumatında deyilir.
İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan səfirliyinə qarşı baş verən silahlı hadisəni kəskin şəkildə pisləyib. Diplomat baş verənlərdən dərin kədər hissi keçirdiyini, səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verdiyini bildirib.
Səfir, həmçinin İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığını, ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacağını vurğulayıb.
Ölkədə reaksiya
Azərbaycan prezidenti İlham Əliyev ölkəmizin Tehrandakı səfirliyinə hücumu kəskin pisləyib:
“Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”.
Baş verənlərlə bağlı vitse-prezident Mehriban Əliyeva, Milli Məclisin sədri Sahibə Qafarova, xarici işlər naziri Ceyhun Bayramov, Ombudsman Səbinə Əliyeva da bəyanatla çıxış ediblər.
Azərbaycan XİN-in bəyanatı
“Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş xain terror hücumunu şiddətlə qınayırıq.
Səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi.
İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir.
Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik.
İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik.
Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcəkdir.
Baş vermiş terror hücumu nəticəsində yaranmış vəziyyətdə səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyyəsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”, – XİN-in bəyanatında deyilir.
Xaricdən reaksiya
Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan demək olar ki, dərhal sonra Türkiyə və Rusiya XİN-ləri hadisəni pisləyib.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Biz bütün günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümid edirik”.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova öz Telegram kanalında səfirliyə hücumun videosunu yayıb və hücumçunu saxlayan mühafizəçilərdən birinin qəhrəmanlığını qeyd edib. “Azərbaycanın İrandakı səfirliyinin mühafizəçisi şir kimi döyüşürdü”, – deyə Zaxarova videoya şərh yazıb.
Bu ana qədər ABŞ, İsrail, Gürcüstan, Ukrayna da Azərbaycana başsağlığı verib.
Tehrandakı səfirlik işini dayandırır
Azərbaycan hökuməti qısa müddət ərzində Tehrandakı səfirliyi boşaltmağı planlaşdırır. Bunu “TRT Haber” telekanalına müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.
“Biz bu iyrənc hücumu ən sərt şəkildə qınayırıq. İran hökumətindən hücum edənin şəxsiyyətinin müəyyən edilməsi üçün lazımi addımların atılmasını tələb edirik. Hər bir dövlət öz ölkəsində səfirliklərin təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıyır. Azərbaycan hökuməti qısa müddət ərzində Tehrandakı səfirliyi boşaltmağı planlaşdırır”, – deyə XİN sözçüsü bildirib.
Cinayət işi qaldırılıb
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu faktı ilə bağlı cinayət işi qaldırılıb. Bu haqda Dövlət Təxlükəsizlik Xidməti məlumat yayıb.
“Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum edilib. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq səfirliyin mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlunu qətlə yetirməklə yanaşı, daha iki mühafizəçiyə xəsarət yetirib. Bununla belə, səfirliyin əməkdaşları cinayətkarı tərk-silah etməklə onun cinayət əməllərinin qarşısını alıblar.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
“Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terrorçuluq əməlləri ilə bağlı bütün halların tam və hərtərəfli araşdırılması təmin ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – DTX-nın məlumatında deyilir.
İki il ərzində beş hücum
Son iki ildə Azərbaycan səfirliklərinə 5 hücum olub. Bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə “Twitter” hesabındakı paylaşımında bildirib.
“Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Bir təhlükəsizlik əməkdaşı həlak olub, ikisi yaralanıb. Azərbaycanın diplomatik missiyalarına son iki ildə 5 hücum olub. Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkənin Vyana Konvensiyasını həyata keçirməyə çağırırıq”, – o qeyd edib.
Hadisənin qurbanı və qəhrəmanı
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı dünyasını dəyişən təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərov Gəncədə tanınmış həkim Rizvan Əsgərovun oğludur.
“Report”un məlumatına görə, Rizvan Əsgərov Gəncə Şəhər Birləşmiş Xəstəxana yanında Z.Məmmədov adına 1 saylı Xəstəxananın pediatriya şöbəsinin müdiri vəzifəsində çalışır.
Mərhum ailəli olub, iki övladı var.
Terrorçunu dayandıran səfirlik mühafizəçisinin kimliyi də məlum olub. O, Vasif Tağıyevdir. Əslən şuşalı olan Tağıyev ailəlidir, üç övladı var.