Azərbaycanın anklav kəndlərinin taleyi sərhədlərin delimitasiyası prosesində həll olacaq – Bakıdan şərh
Ermənistanın nəzarəti altında olan Qazax rayonunun yeddi və Naxçıxan Muxtar Respublikasının bir anklav kəndi dövlət sərhədlərinin delimitasiyası prosesində Azərbaycanın tərkibinə qayıdacaq – Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. Siyasi icmalçı Aqşin Kərimovun sözlərinə görə, bu çox mümkündür.
- Azərbaycan XİN rəhbəri Ermənistanın altı təklifi haqda: “Bu, təkliflər adlandırıla bilməz”
- Azərbaycan Ermənistanla sərhəddə sərhəd məntəqələrinin yerlərini müəyyən edib
- Anklavlar – Ermənistan-Azərbaycan qarşıdurmasının adaları
Azərbaycanın anklav kəndləri
Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın səkkiz kəndi, qonşu ölkənin ərazisi ilə tam əhatələnmiş anklavlar Ermənistanın nəzarəti altına keçib.
Ermənistan silahlı qüvvələrinin nəzarəti altına keçənə qədər bu səkkiz kəndin yeddisi inzibati olaraq Azərbaycanın sərhədyanı Qazax rayonuna daxil idi. Bunlar Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimlidir.
Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçən növbəti kənd – Kərki inzibati olaraq Azərbaycanın eksklavı – Naxçıvan Muxtar Respublikasına aiddir.
Bu kəndlər hələ də Ermənistanın nəzarəti altındadır.
Xələf Xələfovun bəyanatı
“Qazax rayonunun 7 kəndi və Kərki ilə bağlı məsələ delimitasiya prosesi çərçivəsində həllini tapmalıdır”, – Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə müsahibəsində bildirib.
“Bu ərizələr Azərbaycan ərazisidir. Bu ərazilərin Azərbaycanın tərkibinə qaytarılması delimitasiya prosesi tələb etdiyi üçün məsələyə bu çərçivədə baxılacaq. Bu ərazilərin Azərbaycanın tərkibinə keçməsi müzakirə olunub öz həllini tapacaq”, – Xələfov əlavə edib.
Şərh
Qarabağ coğrafiyasından kənarda yerləşən anklav kəndlərin Azərbaycanın tərkibinə qaytarılması Azərbaycanın irəli sürdüyü sülh gündəminin əsas istiqamətlərindən biridir – siyasi icmalçı Aqşin Kərimov qeyd edib.
“Xarici işlər nazirinin müavini Xələf Xələfovun açıqlaması belə deməyə əsas verir. Xələf Xələfov 8 kəndin geri qaytarılması məsələsini sərhəd delimitasiyası prosesinin tərkib hissəsi kimi önə çəkib.
8 kənd mövzusu Azərbaycanın 2020-ci ilin noyabrında, Azərbaycanın ikinci Qarabağ müharibəsində Ermənistan üzərində qazandığı qələbə ərəfəsində Bakı tərəfindən masaya qoyulmuşdu, amma onun rəsmi sənədlərdə əksini tapmamasının bir neçə səbəbi var idi.
Birinci səbəb: Ermənistan Qarabağdakı məğlubiyyətdən dərhal sonra həmin məsələni açıq elan edə bilməzdi (Düşünürük ki, geniş izaha ehtiyac yoxdur).
İkinci səbəb: Azərbaycan müəyyən prosesləri həyata keçirdikdən sonra həmin məsələnin aktuallıq qazanmasını sürətləndirdi, hərçənd ki, yerli mediada daim bu mövzu müzakirə mövzusu idi.
İndi Bakının istədiyi zəmin tam olaraq formalaşıb və danışıqlarda həmin kəndlərin geri qaytarılması müzakirə olunur.
Hələ 2021-ci ilin yay aylarında Ermənistandakı Rusiya sərhədçilərinin Əskipara coğrafiyasına dislokasiya edildiyi bildirilirdi, bu, Bakının əleyhinə işləyən mexanizmə deyil, Azərbaycana danışıqlarda üstünlük gətirən şərtə çevrilirdi.
Postmünaqişə dövrünün “8 kənd periodunda” Azərbaycana müstəsna üstünlüklər verən bütün detalları sadalamadan deyə bilərik ki, Bakı həmin yerləri geri qaytarmağa nail olacaq.
Ermənistan isə buna hazırdır, daha doğrusu bundan başqa çıxış yolu da yoxdur, ona görə də, hələ bir neçə ay öncə Qazaxın işğal altındakı kəndlərindən keçən yola alternativ yol çəkdiyi haqqında məlumatlar dövriyyəyə buraxılmışdı.
Bu proses həm də regionda yeni nəqliyyat-kommunikasiya marşrutlarının yaradılmasının tərkib hissəsidir, buna görə də Qazax-İcevan dəmir yolunun açılması da sonrakı gedişatlarda müzakirə oluna bilər.
Proses ümumilikdə vaxt aparacaq, çünki erməni cəmiyyətinin birdən-birə bunu həzmə verməsi çətin prosesdir, lakin mümkünsüz deyil. Ona görə də, gələcəkdə Ermənistanın sərhəd istiqamətində ara-sıra təxribatlara yol verəcəyini istisna etmək olmaz”, – Kərimov bildirib.