Azərbaycanda yeni etirazlar: deputatlığa namizədlər MSK binası qarşısında “növbə çəkirlər”
Paylaşmaq
Paylaşmaq
Parlamentə keçməyən üç nəfər deputatlığa namizəd artıq bir neçə gündür ki, Mərkəzi Seçki Komissiyasının binası qarşısında etiraz aksiyası keçirir. Rəbiyyə Məmmədova, Nurlana Cəlil və Xalid Bağırov, o cümlədən də onların bir neçə tərəfdarı seçki nəticələrinin saxtalaşdırılmasına dair şikayətlərinə baxılmasını tələb edirlər.
Polis onları binanın qarşısından uzaqlaşdırmağa çalışır. Polislər həmişə olduğu kimi etirazçılardan sayca xeyli çoxdur.
Azərbaycanda növbədənkənar parlament seçkilərifevralın 9-da baş tutub. Müstəqil yerli müşahidəçilərin və beynəlxalq təşkilatların əksəriyyətinin fikrincə, seçki qeyri-demokratik və çox sayda pozuntularla keçib. Bu səbəblə narazı namizədlər artıq iki dəfə kütləvi etiraz aksiyası keçirməyə cəhd göstərib, amma hər iki aksiyanın qarşısı hakimiyyət tərəfindən alınıb.
Hazırda MSK seçki prosesində baş verən pozuntularla bağlı şikayətləri araşdırır və artıq bir neçə dairə üzrə seçki nəticələri ləğv edilib. Amma bu, böyük ehtimalla seçkilərin ümumi nəticəsinə və parlamentin yeni tərkibinə ciddi təsir göstərə bilməz.