Azərbaycanda “Turan” müstəqil informasiya agentliyinə qarşı cinayət işi açılıb
Paylaşmaq
Paylaşmaq
Azərbaycanın Vergilər Nazirliyi Vergi Cinayətlərinin İlkin İstintaq Departamenti “Turan” informasiya agentliyinə qarşı cinayət işi qaldırıb və ilkin istintaqa başlayıb. Eyni departament agentliyin fəaliyyətilə bağlı vergi araşdırması aparır.
Daha əvvəl Yerli Gəlirlər üzrə Departament “Turan” agentliyinin 2014-cü ildən bəri olan gəlirlərinə görə 27 min manata yaxın (16 min dollara yaxın) əlavə vergi verməli olduğunu qət edib, əlavə faiz borcları ilə isə bu məbləğ 37 min matatı (27 min dollardan çox) aşır.
Hər iki departament agentlikdən vergi ilə bağlı bütün sənədləri təqdim etməyi tələb edib (5 və 15 iş günü müddətində).
“Turan” agentliyinin direktoru Mehman Əliyev agentliyin gəlirləri az göstərməsi ilə bağlı vergi orqanlarının irəli sürdüyü ittihamları qəti şəkildə rədd edir və yoxlamaları hüquqa zidd, qərəzli hesab edir.”Turan” agentliyi bununla bağlı Vergilər Nazirliyinin hər iki departamentindən məhkəməyə şikayət verib. Agentliyin hüquqlarını məhkəmədə tanınmış vəkil Fuad Ağayev müdafiə edir.
“Dəhşətli hüquqi nihilizmlə müşayiət olunan, üst instansiyaya və onun qərarlarına biabırçı şəkildə tabesizlik, həmçinin Konstitusiya və Vergi Kodeksinə qarşı saymazlıq nümayiş etdirən tələskənlik bu hərəkətlərin və qərarların sifarişli xarakter daşıdığını, KİV orqanı kimi “Turan” agentliyinin fəaliyyətinə mane olmağa, onun işini iflic etməyə yönəldiyini təsdiq edir. Bu şübhəni iki departamentin hərəkətlərinin sinxronluğu və qaldırılmış cinayət işinin açıq-aşkar əsassızlığı da gücləndirir”, – “Turan” agentliyinin bəyanatında deyilir.
Əliyevin sözlərinə görə, agentlik son illərdə gəlirsiz işləyir. “Azərbaycanda reklam bazarına sərt nəzarət olunur və müstəqil KİV praktiki olaraq reklamdan məhrumdur. Gəlirlərimiz abunəçilərin – əsasən beynəlxalq təşkilatların, xarici KİV-in və şəxsi şirkətlərin, xarici ölkə səfirliklərinin və bir sırta dövlət və özəl müəssisələrin və s. ödənişləri əsasında formalaşır. Bu vəsait əməkdaşların maaşlarını, kommunal və telekommunikasiya xərclərini ödəməyə yetir. Gəlir və təbii ki, gəlir vergisindən söhbət gedə bilməz. Eyni zamanda biz vaxtlı-vaxtında digər vergiləri ödəyirik, o cümlədən də əməkdaşlara görə gəlir vergisini, icbari sosial sığorta ödəmələrini”, – “Kavkazskiy uzel” Əliyevdən sitat gətirir.
“Turan” informasiya agentliyi keçmiş SSRİ-nin ilk müstəqil agentliklərindən biridir, 1990-cı ilin mayında Bakıda bir qrup jurnalist tərəfindən əsası qoyulub. Agentlik xəbər və analitik məqalələr yayır. İnformasiya məhsulları siyasət, iqtisadiyyat, energetika, maliyyə, Kommunikasiya, foto-materiallar bloklarında və üç dildə – Azərbaycan, ingilis və rus – təqdim olunur. Agentlik Azərbaycanla bağlı xəbərləri real vaxt rejimində və dövri formada bülletenlər şəklində yayır.