Azərbaycanda son üç ildə dövlətin dini icmalara maliyyə dəstəyi üç dəfə azalıb
Paylaşmaq
Paylaşmaq
Azərbaycanda rəsmi tanınmış dini icmalar dövlətdən 1,8 milyon manat (1.05 milyon dollar) alacaq.
Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev iyunun 20-də sərəncam verib.
Göstərişə əsasən Qafqaz Müsəlmanları İdarəsi prezidentin ehtiyat fondundan 1 milyon manat (588min dollar), rus pravoslav kilsəsinin yerli yeparxiyası və Bakı dağ yəhudiləri icması hərəsinə 0,25 milyon manat (147 min dollar) alacaq. Dövlətdən hərəsinə 0,1 milyon manat (58.8 min dollar) olmaqla Avropa yəhudilərinin Bakı icmasına, Roma Katolik Kilsəsinin apostol prefekturasına və alban-udin xristian icmasına çatacaq.
Üç il əvvəlin göstəriciləri ilə müqayisədə dini icmalara edilən maliyyə yardımı dollar ekvivalentində üç dəfə azalıb.
Müqayisə üçün 2014-cü ildə dövlətdən dini icmaların dəstəklənməsi üçün 2,5 milyon manat (və ya o vaxtkı məzənnə ilə 3.2 milyon dollar) ayrılıb.
Udinlər (özlərini udi, uti adlandırırlar) – Şərqi Qafqazın ən qədim xalqlarındandır. Tarixi məskunlaşma yerləri müasir Azərbaycan ərazisidir. 2009-cu il əhalinin siyahıyaalınmasına əsasən Azərbaycanda 4 min nəfərə yaxın udin yaşayır. Dini inancları xristianlıqdır. Azərbaycan hüdudlarında yaşayan udinlərin böyük əksəriyyəti erməni apostol kilsəsinin camaatı olub. Azərbaycan müstəqillik əldə edəndən sonra isə alban-udin xristian kilsəsinin fəaliyyəti bərpa edilib.