Professor Qubad İbadoğluna elektron nəzarət tətbiq edilib
Azərbaycanda siyasi həbslər
Sumqayıt şəhər polis idarəsinin əməkdaşları məhkəmə qərarını icra edərək müxalif siyasətçi, iqtisadçı alim Qubad İbadoğlunun evində ona hərəkətlərinə məsafədən aramsız nəzarət etməyə imkan verən elektron bilərzik tətbiq ediblər. Bu elektron nəzarət vasitəsinin tətbiq olunması İbadoğlunun yerdəyişmələrini müəyyən ərazi ilə məhdudlaşdırmaqla onun hüquqi təqibinin davam etdiyini göstərir.
Q.İbadoğlunun qanuni təmsilçilərinin qeyd etdiyi kimi, Azərbaycanda elektron nəzarət hətta məhkəmə qərarı ilə də nisbətən az hallarda tətbiq olunur. İbadoğluna həmin şəkildə nəzarət etmək barəsində qərar, xüsusən onun 9 aylıq həbs ərzində səhhətində yaranmış problemlər nəzərə alınmaqla, əlavə diskussiyalara səbəb olub.
- Azərbaycanda “TikTok” bloklana bilərmi?
- 1 may gecəsində qaz və rezin güllələr: Tbilisidə xarici agentlər haqqında qanuna etiraz necə dağıdılır. Foto və video
- Gürcüstanda nə və niyə baş verir? Bakıdan baxış
İbadoğlunun qardaşı Qalib Toğrul cihazın fiziki təsiri ilə bağlı, xüsusən də İbadoğlunun öncəki dustaqlıqda aldığı zədə ilə əlaqədar, narahatlığını bildirib. Toğrul yerli hakimiyyət orqanlarının qardaşı ilə aşkar sərt rəftarını vurğulayaraq vəziyyəti bu cür şərh edib:
“Gördüyünüz kimi, qardaşıma xüsusi münasibət göstərilir. Polis Qubadoğlunun istintaq təcridxanasında 9 ay saxlandığı zaman zədələnmiş ayağını bu cür “müalicə” edir”.
İqtisadiyyat professoru Qubad İbadoğlu ötən il iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.
Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyatı yoxdur və polislər “aşkarladıqları” pulu özləri onun ofisinə yerləşdiriblər.
Avqustun 25-də ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub. DİN-in yaydığı məlumata əsasən, az əvvəl FETÖ ilə əlaqədar həyata keçirilmiş xüsusi əməliyyat zamanı saxlanılan beş nəfərdən birinin İbadoğlu ilə əlaqələri müəyyən edilib və bu da onun istintaqa cəlb edilməsinə səbəb olub.
Bir müddət sonra Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları İstanbulda yaşayan və işləyən daha bir iqtisadçı alim Fazil Qasımovu saxlayıb Azərbaycan hökumətinə təhvil veriblər. Rəsmi məlumata görə, o, Qubad İbadoğlunun işi üzrə həbs edilib və ona da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.
Aprelin 22-də müxalif siyasətçi Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Amma İbadoğlu sona qədər mübarizə aparmaq və cinayət təqibinin dayandırılmasına nail olmaq niyyətində olduğunu bildirib.
Bu iş beynəlxalq aləmin diqqətini cəlb edib, ABŞ və Avropadan olan siyasətçilər, alimlər və insan haqları təşkilatları Bakını İbadoğluna qarşı ittihamları ləğv etməyə və onun təqibini dayandırmağa çağırıb.