Yanvarın 16-da axşam saatlarında bir gün öncə 15 sutka həbs edilmiş tanınmış jurnalist Şahin Rzayev azad edilib. Jurnalistin sözlərinə görə, bu qərardan verdiyi şikayəti Apellyasiya Məhkəməsi qismən təmin edib və onun haqqında inzibati həbs cəzası 50 manat cərimə ilə dəyişdirilib. Şahin Rzayev elə məhkəmə zalından azadlığa buraxılıb.
12.17
Tanınmış jurnalist, münaqişə jurnalistikası üzrə ekspert Şahin Rzayev Bakıda inzibati qaydada həbs edilib. Rəsmi məlumata görə, o, xırda xuliqanlıqda təqsirli bilinib. Baxmayaraq ki, o, özü dostlarına sosial şəbəkədəki statusuna görə həbs olunduğu haqda məlumat verə bilib.
Yaxınlarının verdiyi məlumata görə, jurnalist Şahin Rzayev yanvarın 15-də günorta saatlarında Suraxanı qəsəbəsində evinin yaxınlığındakı ərzaq mağazasına gedərkən polis tərəfindən saxlanılıb. Daha sonra o, dostlarına sosial şəbəkədəki statusuna görə həbs olunduğunu desə də, söhbətin konkret hansı statusdan getdiyini dəqiqləşdirə bilməyib. Məlum olub ki, onun Facebook səhifəsində son iki gündə bütün paylaşımları silinib.
Rzayevlə əlaqə kəsiləndən bir neçə saat sonra Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti jurnalistlərin sorğusunu cavablayaraq onun həbsini təsdiqləyib. Məlum olub ki, o, həbsindən bir-iki saat sonra məhkəməyə çıxarılıb.
Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Şahin Rzayev 15 sutka inzibati həbs cəzasına məhkum edilib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (yüngül zərər vurma) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə ittiham olunub.
Jurnalistin küçədə söyüş söydüyü, polisin onun intizama tabe olmasını tələb etdiyi, onun isə məhəl qoymadığı iddia edilir. Bundan sonra jurnalist saxlanılaraq Suraxanı rayon polis idarəsinin 31-ci bölməsinə aparılıb.
Yaxınlarının sözlərinə görə, Şahin Rzayevin həbsi və məhkəməsi ilə bağlı ailə üzvlərinə məlumat verilməyib. O, dövlət hesabına vəkillə hakim qarşısına çıxarılıb. Jurnalist inzibati xəta haqqında protokolda yazılanların yalan olduğunu, söyüş söymədiyini və heç kimə müqavimət göstərmədiyini vurğulayıb.
Şahin Rzayev böyük təcrübəyə malik jurnalistdir. O, Cənubi Qafqazda sülhün əldə edilməsinə yönəlmiş çoxsaylı regional vətəndaş cəmiyyəti layihələrində iştirakı ilə tanınır. Rzayev 15 ilə yaxın Müharibə və Sülh Araşdırmaları İnstitutunun (IWPR) Azərbaycan bölməsinə rəhbərlik edib. Uzun illər münaqişə jurnalistikası ilə bağlı təlimçilik fəaliyyəti göstərib. O, həm də JAMNews-un əməkdaşı olub.
Rzayev sosial şəbəkələrdə zaman-zaman Azərbaycan hakimiyyətini tənqid edən statuslar paylaşıb.