Azərbaycanda referendum
Sentyabrın 27-də, gecə saat ikidə MSK sədri Məzahir Pənahov səsvermənin ilkin nəticələrini açıqladı. Azərbaycan vətəndaşları heyrət doğuran həmrəyliklə Konstitusiyaya təklif olunan bütün əlavə və dəyişiklikləri bəyənib.
84,9 faiz öz hüquqlarından sui-istifadə etməməyin, 85,2 faiz sosial ədalət məqsədi ilə torpaq mülkiyyətinin məhdudlaşdırılmasının, 91,2 faiz prezidentlik müddətinin uzadılmasının lehinə səs verib.
Prezidentin seçilməsi zamanı yaş məhdudiyyətinin götürülməsi və vitse-prezident vəzifəsinin təyin edilməsi ilə bağlı düzəlişlər də böyük dəstək alıb.
Əli Həsənov TASS agentliyinə müsahibəsində bildirib ki, “Yeni idarəçilik təsisatı prezident idarəçilik formasının müasir çağırışlara adekvatlığını təmin edəcək və fors-major hallarında dövlət idarəçilik mexanizminin optimal funksionallığı üçün şərait yaradacaq.
Avropa Şurasının Venesiya Komissiyası demək olar ki, bütün təklif olunan dəyişikliklərlə bağlı narazılığını ifadə edib və bildirib ki, bu dəyişikliklər hakimiyyət qolları arasında balansı pozur və prezidentə presedentsiz səlahiyyətlər verir.
Sosial şəbəkələrdə səsvermə prosesində yol verilən pozuntuları göstərən videolar yayılıb.
Xronologiya
Bu gün səhər saat 8-də Azərbaycanda referendum başlayıb. Ölkə vətəndaşları Konstitusiyaya dəyişikliklərin edilib-edilməməsi ilə bağlı qərar qəbul etməlidir. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, 117 beynəlxalq müşahidəçi də daxil olmaqla 53 mindən artıq müşahidəçi seçki prosesini izləyəcək.
Konstitusiyaya edilən dəyişikliklər barədə daha ətraflı
Müstəqil monitorinq qurumları və müxalifətdən olan müşahidəçilər məntəqələrə buraxılmayıb.
Saat 08.26 – APA məlumat verdi ki, AŞPA-nın missiyası səsvermə prosesinin müşahidəsinə başlayıb.
Saat 10.01 – APA prezident ailəsinin səs verməsi haqqında məlumat yaydı.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 10.30-da artıq 12,9 faiz seçici səs verib. Günorta 30 faiz seçicinin səs verdiyi açıqlalandı. Saat 17:00 üçün səs verənlərin sayı 63,3 faiz təşkil etdi.
Referendumun baş tutmuş hesab edilməsi üçün səsvermədə seçicilərin azı 25 faizi səs verməliydi.
Səsvermə 19.00-da sona çatdı
Media və dünya
apa.az kimi iqtidar yönlü media seçkilərin ideal keçdiyini bildirib. Müxalifətçi və müstəqil media isə səsvermə prosesində yol verilən çoxsaylı pozuntular haqqında məlumat verib.
Sosial şəbəkələr
Sosial şəbəkələrdə Azərbaycanda bütün seçkilərdən əvvəl olduğu kimi iki əsas trend varıdı.
1. Səs vermək mənasızdır, əvəzimə artıq hər şeyi həll ediblər
“Referenduma getməyəcəm, tanışlarımdan da heç kim getməyəcək. Niyə? Çünki heç kimə inanmıram.
“Bizim seçki məntəqəsinin rəhbəri qohumumdur, dedi sakitcə oturum evimdə, əvəzimə orada nə lazımdır dolduracaqlar. Hər ehtimala qarşı gedib, məntəqənin ətrafında fırlandım, boşdu, heç kim yoxuydu.
“Gedib səs verdim, “vicdanım təmizdir deyə bilərəm. Amma çox əsəbiləşdim – pozuntularda belə həyasızlığa yol veriləcəyini gözləmirdim (bir qutu artıq tam dolmuşdu). Axşam daha ətraflı yazacam.
2. Yerinizdən durub, vətəndaş mövqeyinizi ifadə edin
“Gedib səs verdim ki, nəvələrim məndən ölkə dağılanda harada olduğumu xəbər alanda, utanmayım.
“Problem ondadır ki, xalqımız çox passivdir. Kiməsə bildiriş gətirmirlər, onların da vecinə deyil, kimsə ümumiyyətlə xəbərsizdir və məndən kimə səs verməyini soruşur. Passiv olmayın, yoxsa sabah xeyli daha pis olacaq. Seçkilərə gəlib, vətəndaş mövqeyinizi göstərin.
Dərc olunub 26.09.2016