Niyə Azərbaycanda qohumlar uşaqlarını “bölüşdürür”?
İlk dəfə dərc edilib: 16.04.2019
Vəfanın (ad şərtidi) 30 yaşı var. İki uşaq anasıdı. Qəti şəkildə “övladlarımı kimsəylə bölüşmərəm”, deyir. Amma onu bölüşüblər.
Vəfa uzun müddət öz doğma atasını əmi, anasını isə əmisi arvadı bilib. Ata-ana bildikləri isə əslində əmisi və əmisi arvadıdı. Övladı olmayan ailələrin yaxın qohumdan uşaq götürmələri Azərbaycanda çox yayılmış haldı əslində.
Azərbaycan Respublikası Statistika Komitəsinin Ədliyyə Nazirliyinin məlumatları əsasında apardığı hesablamaya görə, 2018-ci ildə ölkədə 751 uşaq övladlığa götürülüb. Amma bunların arasında qohumlardan götürülən uşaqların nə qədər olduğu haqda ayrıca statistik göstərici yoxdur.
Sadəcə cəmiyyətdə aparılan müşahidələrdən bu halın ölkəmizdə geniş yayıldığını anlamaq mümkündü.
Qadınları “artıq” uşaqları qohuma verməyə necə vadar edirlər?
Vəfa danışır ki, həqiqəti öyrənəndə 18 yaşı olub.
“Təsadüfən bildim. Qonşunun boşboğazlığı sayəsində. Çox ağır oldu mənimçün. Daşlar bir-bir yerinə oturdu sanki. Əmimgillə (əsl ata-anamı nəzərdə tuturam) münasibətlərimizin niyə belə soyuq olduğunu anladım”.
“Qonşunun xəbədarlığından” sonra bütün ailə üzvləri ilə bu haqda danışıb, məsələnin əslini öyrənib. Sən demə, Vəfanın böyük əmisi çoxdan evli olsa da, övladları olmurmuş. Kiçik qardaşın isə dalbadal iki qızı olunca, onsuz da hələ oğlan olana qədər gəlin yenə “doğmalı olacaq” fikriylə ikinci qızı, yəni Vəfanı övladı olmayan qardaşa vermək qərarına gəliblər.
“Gəlinbacım, yəni məni dünyaya gətirən qadın bütün ailənin təzyiqi altında qalıb. Məni ondan alıb indiki anama vermək ailə qərarı olub. Hər şeyi qanunla, məhkəmə yolu ilə həll ediblər. Sonra bioloji anam çox peşman olub ailəyə qarşı çıxmadığı üçün. Yenidən məhkəməyə gedib, mənim 3-4 yaşım olana qədər çəkişiblər. Amma məhkəmə mənim əmimgildə, yəni məni böyüdən ailədə qalmağıma qərar verib. Beləcə münasibətlər soyuyub”.
Sosioloq Sənubər Heydərova deyir ki, qohum uşaqlarının övladlığa götürülməsi həm ana, həm də uşaq üçün ağır sarsıntıdır.
“Adətən bu cür razılaşmalar lap əvvəldən əldə olunur. Uşaq hələ ortada yoxkən bu mövzuda razılaşmaq asan olur. Amma elə ki, “razılaşdırılmış” uşaq doğulur, doğuş zamanı hisslər burulğanı yaşayan bioloji ana-ata da, “uşaqlarını” gözləyən sosial valideynlər də iddialı və emosional vəziyyətə düşürlər.
Adətən razılaşmaya görə bioloji ana doğulan uşağa süd belə verməməlidir ki, uşaq ona öyrəşməsin. Zahı ana və uşaq xəstəxanadan çıxdığı andan etibarən ayrı ailələrin üzvləri hesab olunurlar. Doğuş etmiş qadın üçün bunun nə qədər çətin proses olduğunu sözlərlə ifadə etmək çətindir. Sonradan onun necə böyüdüyünü, xəstələnəndə yanında ola, ən vacib anlarda onu qucaqlaya bilmədiyini qohum ailə qadınları daha kəskin hiss edirlər, bəzən buna görə münasibətlər pisləşir, övlad götürən ailə sirri saxlamaq üçün uzağa köçməyə və uşağın bioloji olaraq aid olduğu ailəni təhlükə mənbəyi kimi görməyə başlayır”.
Uşağa gəlincə, o, doğum travmasından dərhal sonra anasından ayrılmağın travmasını da yaşayır. Gələcəkdə qohumlar arasında gərginliyi və nələrinsə gizlədildiyini hiss edir.
“Özgəsinin uşağı” sindromu
“Cəmiyyətimizdə tez-tez təkrarlanan “özgəsinin uşağı” ifadəsini heç cür həzm edə bilmirəm. Övladım olmadığı üçün uşaq evindən uşaq götürmək qərarı vərəndə bu ifadəni nə qədər eşitdiyimi təsəvvür edə bilməzsiz. Ən doğmalarımdan tutmuş tamamilə dəxli olmayan yad adamlara qədər. Bacım qərarımı eşidən kimi “biz özümüzünkündən çox yarımışıq ki, sən də özkəninkindən yarıyacaqsan” dedi. Hətta bir uşaq doğub mənə verməyi də təklif etdi. Növbəyə durmaq üçün tibbi arayışlar topladığımız zaman həkimlərdən biri “qohumlarınızda elə adam yoxdu ki, ondan götürəsiz uşağı? Niyə bir ömür min bir əziyyətlə işləyib yığdığınız özgəsinin uşağına qalmalıdı? Hələ heç bilmirsiz necə çıxacaq” demişdi”.
Bütün bunlara baxmayaraq, Səlimə (ad şərtidi) istəyinə nail olub.
“Atası-anası olan bir uşağı götürüb elə onların gözünün qarşısında böyütmək mənə çatmır. Bu valideynçilik oyununa bənzəyir. Bu qədər yetim, atılmış, həqiqətən də ailəyə ehtiyacı olan uşaq varkən, niyə gedib qohumunun atalı-analı uşağını götürüb böyüdəsən ki? Mən şəxsən qızımı özümün doğmadığımı belə unutmuşam artıq. Çünki gözümün qarşısında dolaşan atası-anası yoxdu, o təkcə mənim övladımdı”, – Səlimə deyir.
Hüquqşünas Samirə Ağayeva deyir ki, “qohumlardan uşaq övladlığa götürmək” proseduru bir qədər daha asandır – ilk növbədə ona görə ki, növbəyə durmağa ehtiyac yoxdur. Çünki uşağın bioloji valideynləri uşağı könüllü verdikləri haqda ərizə yazırlar və sənədlər birdəfəlik məhkəməyə gedir.
“Mənim öz icraatımda da olub belə iş, bir bacı öz övladını digər bacıya vermişdi. Həm də elə uşaq elə əvvəlcədən övladı olmayan xalasına verilmək üçün planlaşdırılıb və dünyaya gətirilmişdi. Xəstəxanadan çıxdığı ilk gündən xalasının evinə aparılan bu uşaq onu övladlığa götürən insanları öz doğma ata-anası bilir”, – hüquqşünas öz təcrübəsi ilə bölüşür.
“Qızımı verə bilmədim, ailələri dağıldı”
Rəsmiyyə (ad şərtidir) də illər öncə üç qızından birini qaynına verməli idi, amma son anda fikrindən daşınıb, övladından əl çəkə bilməyib:
“Kiçik qaynımın uşağı olmurdu. Mənimsə üç qızım, bir oğlum vardı. Yoldaşım həm də dayım oğludu, yəni qaynım mənim üçün qardaş kimi deyildi elə qardaşımdı. Onlara çox üzülürdüm. Yoldaşı ilə də sevib evlənmişdilər. Amma qadının uşağı olmurdu. Yoldaşım çox dilə tutdu məni ki, ortancıl qızımızı onlara verək. Çox tərəddüdlə razılaşdım. Balaca gəlin mehrini salmışdı qızıma. Hara getsələr özlərilə aparırdılar, əyin-baş alırdılar. Bir sözlə öz qızları kimi davranırdılar. Bu da məni çox incidirdi. Bir yandan qaynıma, yoldaşına ürəyim yanırdı, bir yandan çox acığım tuturdu. Anladım ki mümkün olmayacaq, bacarmayacam”.
Rəsmiyyə fikrindən daşındığını bildirəndə qaynı da, yoldaşı da çox məyus olub. Bu, onlar üçün evliliklərini qorumaqdan ötrü tək yol imiş. Övlad sahibi ola bilmədikləri üçün yaxın zamanda boşanıblar.
“Qəribə yanaşmadı. Ancaq gərək qanı bir olan uşaq olsun. Gedib dövlətdən də götürə bilərdilər, ailələri dağılmazdı. Məsələn, mənim bacım dövlətdən götürmüşdü. Gül kimi də uşaqdı, indi böyüyüb yekə kişidi əslində (gülür). Düzdü, sonra qaynım yenidən evləndi, uşaqları da oldu, amma ilk həyat yoldaşı ilə olduğu kimi xoşbəxt ola bilmədi”, – Rəsmiyyə danışır.
Niyə məhz qohum uşağı?
Sosioloq Sənubər Heydərova deyir ki, mütləq “öz qanından” olan uşağı övladlığa götürmək arzusu məlumatsızlıqdan irəli gəlir:
“Bir çox xalqlarda “ot kökü üstə bitər” kimi deyimlər var ki, insanların davranışı genetik amillərlə izah edilməyə çalışılır. İnkişaf etmiş ölkələrdə sosial institutlar inkişaf etdikcə övladlığa verilmədə tərbiyənin, təhsilin gücü davamlı müşahidə olunduqca onlar bu cür inanclardan xilas oldular.
Övladlığa götürülən uşaq həm faciə səbəbi, həm də ailənin xilas yolu ola bilər.
Lakin ölkəmizdə övladlığa verilmə və uşağın sonradan ailədə izlənməsi prosesi şəffaf olmadığı üçün bunlardan hansının çoxluq təşkil etməsini rəqəmlərlə görüb əhaliyə göstərə bilmirik. Ortada dəqiq məlumatın və statistikanın olmadığı hallarda isə o boşluğu həmişə əfsanələr tutur. Azərbaycanlının isə nağılı adətən pessimist nağıldır: “filankəs gedib uşaq götürdü, peşman oldu, başına gəlməyənlər qalmadı”, “nə bilirsən kimin uşağıdı, yaxşı ailə olsa, uşaq orda olmazdı”,“onlar heç kimə inanmırlar, hamıya zərər verməyə çalışırlar”.
Amma tanıdıqları ailələrdən uşaq götürəndə özləri dedikləri kimi “damarında kimin qanı axdığı məlum” olur, bu onlara müəyyən bir arxayınlıq verir. Amma bunun da öz fəsadları var və heç də “tanımadığın, bilmədiyin adamı evə gətirmək”dən az ağrılı olmur”.
Vəfa hər şeyi öyrənəndən sonra ailələri yenidən yaxınlaşdırıb. Bioloji valideynləri ilə onu böyüdən ailəsi arasında qalmaq istəmədiyini bildirib. O vaxt onunla işləyən psixoloqlar da ailələrə bunu tövsiyyə ediblər.
“Çox ağır sarsıntı idi mənimçün. Amma olan olmuşdu. Vəziyyətlə barışmaqdan savayı çarəm qalmamışdı. Bir də aradakı düşmənlik sarsıntımı artırmasın istədim. İndi hər iki ailəmlə – həm bioloji, həm məni böyüdən çox yaxşı münasibətdəyəm. Amma bir şeyi bilirəm ki, mən övladlarımı kimsəylə bölüşmərəm”.