Azərbaycanda qızlar arasında intihar dalğası: səbəb nədir?
Ancaq son bir həftədə Azərbaycanda üç gənc qız həyatına son qoyub. Daha iki qızın intihar cəhdi uğursuz olub. Məsələ dərhal sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzuya çevrilib. Azərbaycanda gənc qızlar arasında intihar dalğasının səbəbi nədir?
- Təhrikedici şüar və intihar cəhdi: Azərbaycanda feministlər istintaq altına alınacaq?
- Sevgili cütlük Bakı bulvarında intihar edib
- Məktəb direktoru şagirdin ölümündə günahkar sayılsa da, həbsə göndərilmədi
İyirminci mərtəbədən özünü atıb
Hər şey 20 yaşlı Sevil Atakişiyevanın çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq həlak olması ilə başlayıb.
Bu xəbər sosial şəbəkələri partladıb: gənc qız fəal Facebook istifadəçisi olub və Azərbaycandakı gənc fəalların çoxu ilə dostluq edib.
Tezliklə həlak olan qızın yazdığı mesajlar və şərhlər yayılıb. Sevil valideynləri tərəfindən təzyiqə məruz qaldığından şikayətlənib və intihar etmək istədiyinə eyham vurub.
Atası intihar edən qızının ittihamlarını rədd dir
Sevilin ölümündən üç gün sonra üç telekanal birdən sosial şəbəkə istifadəçiləri arasında onun ölümündə əsas səbəbkar kimi alqılanan atasından müsahibə alıb.
“Haqqım da çatır ata kimi qışqırmağa. Nə edəydim, buraxardım çöl qızı olardı? Təpinmək olmalıdır, mənə də təpiniblər. Mən inanmıram elə uşaq olsun ki, zamanında valideyni ona deməsin”, – o müsahibəsində deyib.
Halbuki, Sevilin anası jurnalistlərə qızının atası tərəfindən döyüldüyü haqda danışıb.
Feminist və prokurorluğun araşdırması
“Mən Sevilin niyə intihar etdiyini, ölümün necə baş verdiyini dəqiqliklə deyə bilmərəm. Lakin onun mənəvi iztirablarında ailəsinin ona qarşı fiziki və psixoloji terrorunun böyük rolu olub.
O, təhsil almaq adı ilə ölkədən çıxmaq istəyirdi, pul toplayırdı, bir dəfəsində isə ailəsindən qurtulmaq üçün saxta evlilik etmək istədiyini demişdi. Güman ki, planların baş tutmaması onu daha da məyus edib.
Sevil öz mesajında deyir: “İşdi, başıma nəsə gəlsə, bu mesajları nəzərə alarsız”.
Onun ölümündən sonra istəyini yerinə yetirməli oluram və sağ ikən son dövrlərdə nələr hiss etdiyini bilmədiyim üçün əzab keçirirəm”, – Facebook səhifəsində feminist Gülnarə Mehdiyeva yazıb.
Onun sosial şəbəkədə paylaşdığı skrinlər səhəri gün Sevil Atakişiyevanın ölümü faktı ilə bağlı prokurorluğun qaldırdığı cinayət işinin materiallarına çevrilib.
Gənc qızlar arasında intihar dalğası
Atakişiyevanın ölümündən bir gün sonra Sumqayıt şəhərində növbəti intihar faktı qeydə alınıb. 20 yaşlı Vüsalə Rəhimli özünü dənizə ataraq boğulub. Tələbə qızın ölüm səbəbi hələ məlum deyil.
Vüsalə Rəhimli Sumqayıtda dayısının evində yaşayır, bu şəhərdə təhsil alırmış. Əslən Azərbaycanın cənub regionundan – Yardımlı rayonundan idi.
20 yaşlı Fidan İsmayılzadı isə Bakı kənarında çoxmərtəbəli binanın səkkizinci mərtəbəsinin pəncərəsindən özünü atıb. O, hadisə yerində həlak olub. Onun da ölüm səbəbi məlum deyil.
Daha iki uğursuz intihar cəhdi
Mingəçevir şəhərinin 19 yaşlı sakini Amilə Lətifova intihar məqsədilə Kür çayına atılıb. Onu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilas edib.
Bakıda doqquzmərtəbəli binanın damından özünü atmaq istəyən gənc qadına polis əməkdaşları mane olub.
Səbəb nədir?
Psixoloq Cəmilə Rəhimlinin fikrincə, psixi sağlamlıqları üçün uşaqları qəti şəkildə döymək olmaz. “Psixi sağlamlığı (bəzən fiziki sağlamlığı da) üçün uşağı döymək OLMAZ! mərhələsini keçə bilsək, psixoloji zorakılıq haqqında danışmağa keçə bilərdik”, – o qeyd edir.
“Psixoloji zorakılıq bir davranışdır və əlbəttə, təkcə valideynlər tərəfindən edilmir. Ancaq ən yaralayıcı olanı yəqin ki, valideyn tərəfindən ediləndir.
Əgər siz də “övladım üçün hər şeyi etmişəm, heç bir əskiyi yoxdur, yenə də məni bəyənmir, mənlə danışmır, otağından çıxmır, tək xəyalı başqa ölkəyə köçməkdir, dostları ilə, sevgilisi ilə belə deyil” deyirsinizsə, döymədən, ac qoymadan da uşağınıza qarşı zorakılıq etmiş ola bilərsiz uzun illər. Bugün sadəcə övladınızın deyə bilmədiklərinin sözsüz ifadəsidir”, – Rəhimli Facebook səhifəsində yazıb.