Azərbaycanda otellər: görüş yeri, yoxsa ancaq ailəvi cütlüklər üçün?
Koronavirus pandemiyasına görə karantin Azərbaycan otellərindəki çox sərt qaydalara dəyişikliklər gətirib. Onların bəzilərində nömrələr cüzi məbləğə təklif olunur. Amma hər şeyə rəğmən şərtləri yumşaltmaq niyyətində olmayan istirahət yerləri də tapılır. JAMnews vəziyyəti aydınlaşdırmağa çalışıb.
- Edam olmaz əfv – vergülü həkim qoyur: Səudiyyə Ərəbistanında səhiyyə və həyat haqda
- Azərbaycanda yenilik axtarışında olan gənc qızın hekayəsi
Turistsiz
Koronavirus pandemiyasına görə karantin və sərhədlərin bağlı olması Azərbaycana turist axınına böyük təsir göstərib.
Dövlət sərhəd xidmətinin məlumatına əsasən, 2020-ci ilin ilk doqquz ayı ərzində ölkəyə 155 ölkədən 670 min nəfər gəlib. Bu, 2019-cu ilin analoji dövri ilə müqayisədə 3,5 dəfə azdır.
Qeyd etmək lazımdır ki, bu turistlərin əksəriyyəti Azərbaycana 2020-ci ilin ilk aylarında, karantin tədbirləri çox da sərt olmadığı zaman gəlib.
Otellər ayaqda qalmağa çalışır
Ölkəyə turist axınının kəskin azalması ilə əlaqədar olaraq otellər çox çətin vəziyyətə düşüb.
“Qonaqlar yoxdur. Ümumiyyətlə yoxdur. İlk aylarda heç olmasa əməkdaşlara əməkhaqlarını ödəyə bilirdim. Sonra isə çoxlarını ödənişsiz məzuniyyətə göndərməli oldum. Amma yenə də bir neçə əməkdaş saxlamalı oluram ki, otel abırlı vəziyyətdə qalsın.
Qalan əməkdaşların əməkhaqlarını ödəmək, mütləq ödənişləri etmək üçün kredit götürdüm. Amma belə uzun müddət ayaqda qala bilməyəcəm”, – JAMnews-la müsahibəsində Bakının mərkəzində yerləşən otellərdən birinin sahibi danışıb.
Sutkaya 20 manat
Yaranmış vəziyyətdə turistləri hələ uzun müddət gözləməli olacaqlarını anlayaraq bəzi Bakı otelləri yerli sakinlərə yönəlib.
Məsələn, Bakı dəmiryolu vağzalının yaxınlığındakı oteldə ekonom-nömrənin qiyməti sutkaya görə cəmi 20 manatdır [$11,76].
Belə nömrələrin reklamları əslində hər şeyi deyir: nömrələr görüş üçün məkana ehtiyacı olan sevgili cütlüklərə təklif olunur.
Nikah şəhadətnaməsi olmadan olmaz
Aəzrbaycanda hətta karantin dövründə də qonaqlar üçün öz şərtlərini yumşaltmaq niyyəti olmayan istirahət yerləri də var. Onların əməkdaşlarının sözlərinə görə, bununla da bu obyektlər “ailəvi istirahət məkanı” imicini qorumağa çalışır.
“Şamaxıda restorana zəng vurdum ki, dostumla nahar üçün masa rezerv edim. Əməkdaş dərhal soruşdu: nikah şəhadətnaməsi təqdim edə biləcəksiz?
Dedim ki, nömrə tutmaq fikrimiz yoxdu, naha edəcəyik. Mənə cavab verdilər ki, hətta burada nahar etmək istəyirsizsə də, nikah şəhadətnaməsi təqdim etmək üçün vacibdir, əks halda biz sizi rədd etməli olacağıq.
Bu nə deməkdir? Kimsə mənə izah edə bilər?” – sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçilərindən biri yazıb.
Ekspert rəyi
İqtisadi ekspert Əli Əhmədovun sözlərinə görə, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi dəfələrlə otellərə və digər istirahət mərkəzlərinə ziyarətçilərdən artıq sənədlərin tələb olunmamasını tövsiyə etdiklərini bildirib.
“Amma nazirlik sadəcə tövsiyə edə bilər, şəxsi biznes isə özü daxili siyasət məsələlərini özü həll edir. Başqa sözlə, otellər və istirahət mərkəzləri ziyarətçilərdən nikah şəhadətnaməsi tələb etmək ixtiyarındadır. Şükür ki, hazırda seçim çox böyükdür və arzu edənlər asanıqla daha yumşaq şərtləri olan otellər və digər istirahət yerləri tapa bilərlər”, – ekspert JAMnews-a müsahibəsində deyib.