Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edilib
Prezident İlham Əliyev fevralın 5-də gözlənilmədən aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam verib.
Prezident 26 sentyabr 2016-cı ildə keçirilən konstitusiya referendumundan sonra növbədənkənar prezident seçkilərini təyin etmək səlahiyyəti alıb.
Sərəncamın mətnində seçkilərin tarixinin dəyişdirilməsinin səbəbi açıqlanmır. Ötən ilin axırlarında Seçki Məcəlləsinə səsvermə gününə azı 60 gün qalmış növbədənkənar prezident seçkilərinin təyin edilməsi haqqında dəyişikliklər daxil edilib.
Sərəncamın mətnində bu qərarın səbəbi qeyd edilmir. Sosial şəbəkələrdə prezidentin gözlənilməz qərarını izah etməyə çalışan müxtəlif versiyalar yaranıb.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu mümkün üç versiya irəli sürür:
-
Prezident Azərbaycanda payıza qədər sabitliyin pozulmasından qorxur, buna görə də qabaqlayıcı tədbirlər görür;
- Prezident müxalifəti Azərbaycan Demokratik Respublikasının qarşıdan gələn və mayın 28-də qeyd ediləcək yüzilliyindən öz təbliğatı məqsədilə istifadə etmək imkanından məhrum etmək istəyir;
-
Əliyev xarici qüvvələri Azərbaycanın seçki kampaniyasına müdaxilə imkanından məhrum etmək üçün öz seçkilərini Rusiya və Ermənistanda prezident seçkiləri ilə “sinxronlaşdırmaq” qərarına gəlib. Şahinoğlunun fikrincə, Əliyev hesab edir ki, mart-aprel aylarında bu ölkələr öz seçkilərilə məşğul olacaq
Müxalif “Respublika Alternativi” (REAL) hərəkatının icra katibi Natiq Cəfərli daha bir neçə versiya sadalayır:
- Texniki səbəb. Prezidentlik müddəti beş ildən yeddi ilə qədər uzadıldığına görə, növbəti prezident və parlament seçkiləri demək olar ki, eyni vaxta təsadüf edəcəkdir – 2025-ci ilin payızı. Buna görə də bu, iki müxtəlif prosesi ayırmaq qərarı verilib;
-
Qərb Rusiyada martın 18-nə təyin edilən prezident seçkilərinin qiymətləndirilməsi ilə məşğul olacaq. Bu fonda da Azərbaycanda prezident seçkiləri zamanı yol veriləcək mümkün pozuntulara adətən olduğundan daha az diqqət yetiriləcək;
-
Seçkilərin daha erkən keçirilməsi ola bilsin, hakimiyyətin qarşıdan gələn seçkilərdə öz rəqibi kimi görmək istəmədiyi REAL hərəkatının lideri İlqar Məmmədovun tezliklə azad olunması zərurəti ilə bağlıdır. Hazırda Məmmədov öz namizədliyini irəli sürə bilməz, azad olunandan sonra isə, Cəfərlinin fikrincə, artıq belə bir haqqı olacaq.
“Facebook” istifadəçiləri mümkün versiyalar arasında daha ikisini irəli sürür:
-
kommunal xərclərdə növbəti artım gözlənilir, prezident də bu qeyri-populyar addımı artıq seçkilərdən sonra atmaq qərarını verib
-
Qarabağ münaqişəsi üzrə sülh danışıqlarında hansısa populyar olmayan qərar gözlənilir
Çox güman ki, prezidentin bu qərarı əvvəlcədən düşünülüb, çünki ötən həftə hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov partiya qurultayını gözləmədən İlham Əliyevin namizədliyinin prezidentliyin dördüncü müddətinə irəli sürüldüyünü bildirib.
Seçki kampaniyası rəsmi olaraq martın 19-da, seçkilərin keçirildiyi tarixdən üç həftə əvvəl başlayır.