Hakimiyyət və müxalifət niyə razılığa gələ bilmir?
Azərbaycan hakimiyyəti və müxalifət arasındakı münasibətlər “Məhsul” stadionu təmirə bağlanandan sonra xüsusilə gərginləşib. Hakimiyyət müxalifətə məhz orada aksiya keçirməyə icazə verirdi.
İndi müxalifətçilərə ancaq şəhər kənarında – mərkəzdən 20 kilometrlik məsafədə yerləşən Lökbatanda etiraz etmək tövsiyyə olunur. Bundan narazı qalan müxalifət Bakının mərkəzində razılaşdırılmamış aksiyalar keçirməyə cəhd göstərir. Hakimiyyət bu cəhdlərin qarşısını sərt şəkildə alır.
“Siz orada nə edirdiz?”
Oktyabrın 19-da müxalif Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) mitinq keçirməyə cəhd göstərib. Polis və xüsusi təyinatlılar aksiyanı sərt şəkildə yatırıb.
Noyabrın 12-də müxalif “Müsavat” partiyası Bakı şəhər İcra Hakimiyyəti qarşısında piket keçirməyi planlaşdırıb. Onlar hakimiyyətdən şəhər daxilində etiraz aksiyası keçirməyə icazə verilməsini tələb edəcəklər.
Təxminən bir həftə əvvəl oktyabrın 19-da mobil telefonları DQMŞ-nin mitinq keçirdiyi saatlarda aksiya ərazisində siqnal verən hər kəs polisə çağırılır. Onlardan mitinqə niyə gəldiklərini və orada nə etdiklərini soruşurlar.
Polis nəfərlərinin etrafına görə, son günlərdə onların işi çox olub, çünki həmin ərazidə, məsələn, yaxınlıqdakı ticarət mərkzində olan hər kəsi yoxlamaq məcburiyyətində qalıblar.
Mitinq iştirakçılarını telefon nömrələrinin siqnalından təqib etmək ilk dəfə 2019-cu ilin yanvarında, DQMŞ-nın sanksiyalaşdırılmış mitinqindən sonra təcrübə edilməyə başlanıb.
Müxalifət ona göstərilən təzyiqlərdən şikayətlənir
“Müsavat” partiyasının yüz nəfərdən çox üzvü planlaşdırılmış mitinqlə bağlı polisə çağırılıb.
“Onlara nəzərdə tutulan mitinqlə bağlı suallar verilib və iştirak edəcəkləri təqdirdə həbslə təhdid ediblər”, – partiya funksioneri Mustafa Hacıbəyli BBC-ə danışıb.
“Müsavat” partiyası öz planlarından imtina etməyib.